O, Koreyada dənizçilik ixtisasına qəbul olan ilk azərbaycanlıdır - FOTO/ VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
O, hələ uşaqlıqdan və məktəbli vaxtlarından dənizçilik ixtisasına böyük həvəslə yanaşıb. Elə bu həvəsin daha da artması onun yolunu Azərbaycan Dövlət Dəniz Akademiyasından salıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 21 yaşlı Loğman Əbilzadə qəbul imtahanında yüksək nəticə əldə etməsinə baxmayaraq, akademiyanın “Dəniz Naviqasiya Mühəndisliyi” ixtisasını seçib.
Dənizçiliyə və gəmiçiliyə olan marağından söz açan müsahibimiz deyib ki, bu ixtisasa yiyələnmək onun ən böyük arzusu olub. Elə buna görə də arzusuna çatmaq üçün qarşısına qoyduğu hədəflərin böyük əksəriyyətini dəf edə bilib.
Onun sözlərinə görə, məqsədi dənizçilik üzrə yüksək təhsilə sahib olduqdan sonra öz gəmiçilik şirkətini qurmaq və Azərbaycanda dənizçiliyin inkişafına töhfə verməkdən ibarətdir
Orta məktəbi əla qiymətlərlə bitirən Loğman qəbul imtahanında da 600-dən yuxarı bal topladığını bildirib.
O, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz Naviqasiya Mühəndisliyi” ixtisasına yüksək balla qəbul olduğunu deyib və buna görə də əlaçı təqaüdünə layiq görülüb.
Dərslərini əla qiymətlərlə oxumağı davam etdirən Loğman universitetdə təhsil aldığı müddətdə əlaçı təqaüdü alıb və eyni zamanda Azərbaycan Xəzər Dənizi Gəmiçiliyinin əlaçılar üçün nəzərdə tutulmuş təqaüdünə də layiq görüldüyünü deyib:
"Bakalavr təhsilim boyu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Vadim Seyidov və Caspian Marine Services şirkətinin İslay gəmilərində təcrübədə olmuşam. Bundan əlavə, universitet boyu müxtəlif xarici universitetlərin seminarlarında iştirak etmişəm. Bura Dünya Dənizçilik Universitetinin və Koreya Dənizçilik İnistitunun bir çox seminarları aiddir. Qarşıma məqsəd qoymuşdum ki, dünyanın ən yaxşı dənizçilik təhsili verən universitetində magistr təhsili alacam".
Artıq bu il Koreya Dəniz və Okean Universitetinin “Shipping management” ixtisasına qəbul olduğunu bildirən 21 yaşlı L.Əbilzadə deyib ki, bununla yanaşı universiteti Qlobal Koreya Təqaüdçüsü olaraq davam etdirəcək.
Onun sözlərinə görə, bu təqaüd proqramı bütün dünya ölkələri üzrə tələbələr arasında ən yaxşı namizədlərin təhsilinə dəstək verir:
"Mən də həmin namizədlər içərisindəyəm və Azərbaycan tarixində ilk dəfə Koreyada dənizçilik təhsili alacaq ilk şəxs olacam".
Qeyd edək ki, Loğman Əli oğlu Əbilzadə 2000-ci ilin iyulun 20-də Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. İbtidai təhsilini Biləsuvar rayon K.Ağayev adına internat məktəbində alıb. 5-11-ci sinif təhsilini isə Bakının Xətai rayonunda yerləşən 59 nömrəli məktəbdə davam etdirib.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktə...