Nazir: "İqlim dəyişikliklərinin Azərbaycana təsirlərini azaltmaq üçün tədbirlər görməliyik"
Yeniliklərdən dərhal xəbərdar olun
"İqlim dəyişikliklərinin Azərbaycana təsirlərini azaltmaq və ona uyğunlaşmaq üçün təxirəsalınmaz tədbirlər görməliyik".
BAKU.WS-in məlumatına görə, bu sözləri Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib.
Nazir bildirib ki, bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən biri iqlim dəyişikliyidir:
"Bu, təkcə ətraf mühitə deyil, həm də bütövlükdə iqtisadiyyata və cəmiyyətə təsir göstərir. Elmi araşdırmalar göstərir ki, artıq qlobal istiləşmənin təsirlərini daha tez-tez və intensiv şəkildə baş verən təbii fəlakətlər, dəniz səviyyəsinin dəyişməsi və anomal hava şəraiti ilə müşahidə edirik. Bu çağırış qarşısında özümüz və planetimiz üçün daha dayanıqlı gələcək qurmaq üçün kifayət qədər imkanlarımız var".
M.Babayev vurğulayıb ki, bu xüsusda iqlim dəyişikliyi ilə bağlı aktual problemlərin həllində maraqlı olan bu qədər şagirdi bir arada görmək sevindirici haldır:
"Artıq 2-ci ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin səyi nəticəsində təhsil müəssisələrinin bu prosesdə aktiv iştirakı bizə qarşıya qoyulmuş məqsədlərə çatacağımıza ümid yaradır.
Beləliklə, gəlin bu simpoziumdan öyrənmək və bir-birimizi ruhlandırmaq fürsəti kimi istifadə edək. Gəlin davamlı inkişaf təşəbbüslərini dəstəkləməklə daha yaxşı bir gələcək yaratmaq üçün birlikdə çalışaq. Siz bu məsələdə daha həssassınız və gələcək nəsillərin ekoloji problemlərlə mübarizəsində mühüm qüvvəni təşkil edirsiz. Enerjinizi, yaradıcılığınızı və innovativ ideyalarınızı bu səylərə cəlb etməyiniz çox vacibdir. Öz həyat tərzinizdə davamlılıq prinsipinə uyğun hərəkət etmək və başqalarını buna təşviq etmək iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində ən vacib addımlardan biri olacaq. Düşünürəm ki, ekoloji fəallılıq tək bir aksiya ilə bitməli deyil, dayanıqlı və məsuliyyətli bir fəaliyyətə çevrilməlidir".
"Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan əbədiyaşar Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə mühüm tədbirlər görülüb. Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən gənc mütəxəssislərin yetişdirilməsi, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır", - nazir əlavə edib.
Oxşar xəbərlər
Ulu öndərin 100 illik yubileyinə həsr olunan simpozium keçirilib
Gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfda...