Naibə Allahverdiyeva: "Deyirdilər ki, sən ekstrasenssən?"
Yeniliklərdən dərhal xəbərdar olun
"Hələ bu virus Çində yayılmağa başlayanda getdim özümə maska, əlcək aldım. Yoldaşıma dedim ki, görərsən, bu virus dünyaya yayılacaq, yoluxma artacaq. Mənə deyirdilər ki, sən ekstrasenssən?"
BAKU.WS xəbər verir ki, bu sözlər Xalq artisti Naibə Allahverdiyevaya məxsusdur.
Aktrisa yenisabah-a müsahibəsində karantin rejiminə ciddi şəkildə riayət etdiyini, dost-tanışla canlı ünsiyyəti kəsdiyini bildirib:
"Evə heç kimi buraxmıram. Hətta qohumlarım da zəng edir ki, ay qız, gəl bizə oturaq. Amma heç vaxt. Mən bunu təzəlikcə etmirəm, hələ ölkəmizdə karantin rejimi elan olunmamışdan əvvəl get-gəli dayandırmışdım. Koronavirus İranda yayılmağa başlayanda çox fikir etdim, çünki İranda qohumlarım var. Artıq İranda virus yayıldığı vaxtdan mən maska, əlcəksiz çölə çıxmırdım, insanlarla ünsiyyəti kəsmişdim. Teatra da maska ilə gedirdim, orada mənə gülürdülər. Hara gedirdimsə insanlar mənə qəribə baxırdılar. O zamandan başlamışdım özümü qorumağa, neçə aylardır qohumlarımı görmürəm.
Evə də heç kimi buraxmıram. Qonşum gəlib qapını döyəndə, açmamış qapının “qlazok”undan baxıram, maskası yoxdursa, qapını açmıram. Başqa bir qonşum var, balaca uşaqdır, özü də mənim pərəstişkarımdır. Neçə aydır məni görmür. O gün məni görməyə gəlib, qapıdan deyirəm ki, maskan yoxdursa, gəlmə. Balkondan ona maska atmışam. Əlimdə spirtlə qapının ağzında dayanıram. Həm də belə bir şey var, bəlkə, mən də kiməsə yoluxdura bilərəm. Təkcə özümə görə, ölümə görə qorxmuram, bu təkcə mənim üçün deyil, mən özüm də bilmədən başqalarını yoluxdura bilərəm. Mən ölməkdən qorxmuram, başqalarını öldürməkdən qorxuram. İnsanlar diqqət etməlidirlər. Özünü sevməyən, özünə dəyər verməyən adam başqalarına da dəyər verə bilməz. Ona görə özümüzü sevməliyik. Kimsə xəstə olduğunu bilə-bilə camaat arasına çıxırsa, o, ən böyük günah sahibidir. Axirətdə də buna görə cavab verəcək! Mən elə insanları qatil adlandırıram. Onlar şeytana uymuş insanlardır. Bir az dözək də, dövlət deyir aprelin 20-nə qədər dözün. Bir az səbrli olaq, qohum-əqraba evinə getməyək, darıxdığımız adamlarla görüntülü əlaqə yaradıb hal-əhval tutaq. Burada nə var, elə bilək ki, məzuniyyətdəyik. Oturaq evimizdə balalarımızın, ailəmizin yanında. Üçcə həftə dözsək, xəstəliyin yayılması da azalar.
Bu qorxulu xəstəlikdir, insanlar bunu dərk etmirlər. Biri var onkoloji xəstəlik, tutulma riskin çox deyil, amma koronavirus elə deyil, yoluxdunsa, heç nədən bu dünyadan gedirsən. Səni bir təmasla, bir asqırmaqla tutdusa, vəssalam. Gəlin dözək, qarşıdan yay gəlir. İndi evdə otursaq, virusa yoluxmanın qarşısını ala bilərik, dövlət də virusun azaldığını görüb karantin müddətini dayandırar. Təsəvvür edin ki, yoluxanların sayı artdıqca karantin müddəti də uzanacaq. Bəs onda yayda, o istidə nə edəcəyik?! Karantinə riayət edək, bir az səbrli olaq, evdə oturaq".
Oxşar xəbərlər
Almaniyada yaşayan azərbaycanlı həkim koronavirusla bağlı SİRLƏRİ AÇDI
Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan Almaniyada təhsil alıb fəaliyyət göstərən Rottal İnn Klinikasının Ginekologiya Şöbəsinin həkim-rezidenti, hə...