"Music Gallery"də fantastik qiymət artımı (5799,9 manat)
Azərbaycanda dolların manat qarşısında 48% bahalaşmasından sonra ölkədə fəaliyyət göstərən mağazalar qiymətləri fantastik dərəcədə qaldırıb.
BAKU.WS-in redaksiyasına müraciət edən oxucularımız "Music Gallery" mağazasında mallarının kəskin bahalaşmasından gileylənirlər. Mağazalar dolların bahalaşmasını əsas gətirərək kompüter və telefonları, həmçinin notbukları 50-80% arasında bahalaşdırıb.
Xarici ölkədən idxal olunan malları bir neçə ay öncədən aşağı məzənnə ilə ucuz qiymətə alan mağazalar vəziyyətdən sui-istifadə edərək qiymətləri süni şəkildə artırıblar. Qiymətləri 1500-2200 AZN arasında dəyişən Apple noutbukları devalvasiyadan sonra, hətta 5700 manata müştərilərə təklif olunur. Vaxtında ucuz qiymətə alınan malları hazırda maya dəyərindən 1,5-2,3 dəfə baha qiymətə satan mağazalar qayda-qanunlarını heçə sayırlar.
Prezident İlham Əliyev dekabrın 23-də 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərək süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcəyini vurğulamışdı. Dövlət başçısı cəza tədbirləri tətbiq ediləcəyini qeyd etmişdi: "Heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar".
Təəssüf ki, bəzi işbazlar vəziyyətdən maksimum dərəcədə faydalanmağa, qiymətləri kəllə-çarxa qaldırmağa çalışırlar. Ancaq dövlətin nəzarəti sayəsində yaranmış nöqsanlar qısa müddət ərzində öz həllini tapacaq.
PS: Mağazanın satıcısı ilə fantastik qiymət artımının səbəbilə maraqlandıqda devalvasiyadan sonra qiymətlərin xeyli qalxdığını, hələ məbləğin bir qədər salındığını öyrəndik.
BAKU.WS
Oxşar xəbərlər
Əli Əhmədov: "Devalvasiyadan sonra qiymətləri süni artıranlar barədə tədbirlər görüləcək"
"Azərbaycanda manatın devalvasiyasından sonra ölkədə qiymətləri süni artıran şəxslər barədə tədbirlər görüləcək". BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumat...