Müəllimlərin işə qəbulu üçün müsabiqədə yeni qayda
Azərbaycanda yeni tədris ili üzrə müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqənin mərhələlərinin sayı artırılıb.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirin təsdiqlədiyi "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə" qaydalara uyğun olaraq, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
Müsabiqənin birinci mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə ərizəçi məsuliyyət daşıyır.
Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramının məzmununa, metodika və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı nazirlik tərəfindən müəyyənləşdirilir.
Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər dörd yer seçə bilərlər. Vakant yerlərin seçimi üçün nəzərdə tutulmuş tarix başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla müvafiq qərar qəbul edilir.
Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə ixtisaslarına uyğun mövzu verilir. Namizədlər həmin mövzunu müsahibə komissiyasına açıq dərs formatında təqdim edirlər.
Qeyd edək ki, indiyədək müəllimlərin iş yerinin dəyişdirilməsi və işə qəbulu 3 mərhələdən ibarət olmaqla (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yolu ilə həyata keçirilirdi. Müsabiqənin I mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə ərizəçi məsuliyyət daşıyırdı. Müsabiqənin II mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramının məzmununa, metodika və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı nazirlik tərəfindən müəyyənləşdirilir. Test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, müsabiqə komissiyası namizədin elektron ərizəsindəki göstəricilərini araşdırmaqla müvafiq qərar qəbul edir. Müsabiqənin III mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılırdı.
BAKU.WS
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu qaydaları açıqlandı
Azərbaycanda yeni tədris ili üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydaları açıqlanıb. Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirin tə...