Mənə elə baxdı ki... – Avtomobillərin Texniki Müayinə Mərkəzindən REPORTAJ
İşdən bir saatlıq icazə alıb çıxsaq da, Zabrat dairəsindən sağa burulub körpüyə qalxan kimi gözlərimiz önündə açılan mənzərədən günü burada yola verəcəyimizi başa düşdük. BAKU.WS-in Publika.az saytına istinadən verdiyi məlumata görə, avtomobillərin texniki baxışı üçün ayrılmış vaxtın sonuncu günü olduğundan Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin həyətindəki növbənin ucu-bucağı görünmürdü. Maşınlar ilan kimi qıvrılıb bütün həyət boyu qara asfaltın üzərinə yayılmışdı. 10-a yaxın "boks”dan isə cəmi üçü işləyirdi. Digər "boks”ların dəmir jalüzləri endirilmiş, ağzına isə iri bir qıfıl vurulmuşdu. Mərkəzin qapısına yaxınlaşanda mühafizəçi bizə digər sıralardan bir-iki maşın az olan üçüncü sırada növbə tutmağı tövsiyə etdi. Sükanı sola burub, mühafizəçinin göstərdiyi yerdə dayandıq. Avtomobilin salonundakı cihaz panelindəki termometr 41,5 dərəcəni göstərirdi. Tərs kimi kondisioner də işləmirdi. Bir tərəfdən də mühərrikin istisi... Asfaltdan qalxan buxar adamın gözlərini sulandırırdı. Digər sürücülər kimi əlimizə keçən kağız parçası ilə özümüzü yelləməyə başladıq. Amma, çifayda, təpəmizdən axan tər, sözün həqiqi mənasında, dırnağımızdan süzülürdü. Susuzluqdan boğazımız qurumuşdu. Köynəyimiz tərdən islanıb bədənimizə yapışmışdı. Qeyri-ixtiyari həyətə göz gəzdirdik. Amma nə dükan gözə dəyirdi, nə də sərin su satılan bir piştaxta... Ətrafda bir ağac da gözə dəymirdi ki, gedib kölgəsində dayanasan. Çevrilib Anarın üzünə baxdım. Deyəsən, könlümdən keçəni üzümdən oxudu. - Qaqa, mən maşın sürə bilmirəm, sən otur maşında, mən gedib görüm içməyə sərin bir şey tapa bilirəm... Növbəyə dayanmağımızdan 20 dəqiqə ötmüşdü. Bu müddət ərzində bir maşın da yerindən tərpənməmişdi. Nə də Anar getdiyi yerdən qayıtmışdı. "Atalar doğru deyib, uşağı buyur, dalınca yüyür”, - dodağımın altında mızıldanıb həmkarımın qarasınca xeyli deyindim. Digər sürücülər kimi maşından düşüb texniki müayinə mərkəzinin hasarının kölgəsinə sığınmaq istəyirdim ki, əlində bir dəstə "texpasport” olan 20-25 yaşlarında gəncin təklifindən sonra bir xeyli ləngidim. - "Texosmotr” lazımdı? – gənc maşının damına dirsəklənərək hırıldadı. - Neçəyə başa gələcək? - Neçə "motor”du? - Mühərrikin bura nə aidiyyəti? Mühərrikin həcminə görə yol vergisi ləğv olunub. Dövlət rüsumu 20 manatdı. Əgər kömək etsən, 40 manat verərəm. - 40 manata heç 1,2 motor maşınları "texosmotr”dan keçirmirlər. Mühərrikin həcminə görə yol vergisinin ləğv edilməsi ilə bağlı iradıma isə bircə kəlmə ilə cavab verdi: – Heç bir şey ləğv olunmayıb. İnanmırsan, gir bax, DYP-nin saytında qiymət cədvəli var (gəncin sözündən sonra Daxili İşlər Nazirliyinin saytındakı müvafiq bölməyə nəzər saldıq. Orada, həqiqətən də, yol vergisinin ləğvi ilə bağlı bir kəlməyə də rast gəlmədik. Əksinə, mühərrikin həcminə görə yol vergisinin məbləği adamın gözünü "deşirdi” - red). - Qardaş, bir dayan görək. 2,4 motoru neçəyə edəcəklər bəs? - Uzaqlaşmaq istəyən oğlanın qolundan tutub saxladım. - 70 manatdı, 65-ə eləyərəm. Üstümdə o qədər pulum olmadığını deyib, yardımına görə təşəkkür etdim. Doğrudan da, üstümdə o qədər pulum yox idi. Amma isti elə təntitmişdi ki, olsaydı, yəqin, bir "beşlik” də artıq verərdim. Üstəlik də, bir ömür nəslinə-nəcabətinə bəs edəcək qədər dua edərdim. - Qaqa, heç nə tapa bilmədim, - Anar əli ətəyindən uzun qayıtdı. - Ən yaxın mağaza Zabrat dairəsindədir, ora da ən azı yarım kilometrlik yoldur. Bu istidə adam piyada ora gedib-gəlsə, xəstəxanalıq olar. Qərara gəldik ki, növbədənkənar texniki baxış təklif edənlərin yardımından istifadə edək. Bu məqsədlə ucuz iş görən dəllal axtarışına çıxdıq. Maşını növbədən çıxarıb bir kənarda saxladıqdan sonra avtomobillərin texniki baxışdan keçirildiyi əraziyə daxil olduq. Qapının girişində avtomobillərin atmosferə atdığı tullantıları ölçən cihaz, sonra işıqların düzgün vurub-vurmamasını yoxlayan aparat, daha sonra isə amortizatorları, əyləc sistemini yoxlayan qurğu yerləşdirilmişdi. Mərkəzin "həkimlər”i isə ardıcıllıqla avtomobilləri müayinə edib, lap elə xəstəxanada xəstə yoxlayan həkimlərin etdiyi kimi, əllərindəki xüsusi vərəqələrə öz qeydlərini edirdi. Proses yekunlaşandan sonra "xəstəlik tarixçəsi”ni sürücülərə verib inzibati əraziyə göndərirdilər. İntizibati ərazidən qayıdan sürücülərinsə xərçəng diaqnozu qoyulmuş xəstələr kimi mısmırığı yerlə sürünürdü. Üz-gözündən zəhrimar yağan belə sürücülərdən birinə yaxınlaşıb, texniki baxışa nə qədər "tərlədiyini” soruşduq. Məlum oldu ki, bu qardaşı 2.3 mühərrikə görə nə az, nə çox - 75 manat "tərlədiblər”. Hələ özünə də minnət qoyublar ki, bəs avtomobilin nasazdır. İşıqların biri düz vurmur, mühərrikdən atmosferə atılan tullantının miqdarı normadan artıqdı və sair və ilaxır. O qədər qüsur sadalayıblar ki, qardaş həqiqətən də, maşının nasaz olduğuna inanaraq, olan-qalanını da verib ki, təki cərimə yazmasınlar. Digər sürücülərlə söhbətdən də məlum oldu ki, əsas həngamə atmosferə atılan tullantını ölçən cihazdadır. Ya cihaz düzgün işləmir, ya da texniki baxışa gələn avtomobillərin hamısının ucdantutma mühərriki nasazdır. Əlqərəz, belə başa düşdük ki, qayda-qanunla avtomobili texniki baxışdan keçirmək mümkünsüz olacaq. Ona görə də inzibati əraziyə daxil olub bir səlahiyyət sahibinin qulağına jurnalist olduğumuzu pıçıldayıb, bəlkə, "üsuli-ərkanı" ilə bizi yola verməsini xahiş edək. Mübarək qədəmlərimizi inzibati əraziyə atar-atmaz, əlində döşəməsilən, 60-65 yaşlarında bir qadın qarşımızı kəsdi.
- "Texosmotr”a gəlmisiz? - Adam bura nəyə gələr bəs, ay xala,- gülümsünüb cavab verdim. - Motorun neçədi? – qadın sifətinə ciddi görkəm verib soruşdu. - Xala, mənimki artıq "stukdu”, amma maşınınkı 2,4-dü, - zarafata salıb uzaqlaşmaq istədik. Amma qadının növbəti təklifi bizi ayaq saxlamağa vadar etdi. - 70 manat edir, 65 manat verin, iki dəqiqəyə yola salım. Düzü, inzibati əraziyə daxil olanda bu təklifin hər hansı bir polisdən gələcəyini gözləyirdik. Yaşlı bir xadimənin isə belə bir "xidmət” təklif edəcəyini, yatsaq, yuxumuzda da görməzdik.
Əlimi cibimə atıb üzərimdə olan iki 20-lik və bir beşlik əskinası qadına göstərdim: - Xala, kasıb jurnalistəm, bir qələt eləyib maşın almışam. Üstümdə olan pul da budur. İmkan varsa, kömək elə. Deyəsən, sözlərim qadını yumşaltmışdı. Bizə məsləhət gördü ki, 10 saylı otaqdakı "rəisə” müraciət edək. Jurnalistləırin "məsələsi”nə o baxır. Qapının üzərinə "baş müfəttiş” yazılmış 10 saylı otaqdakı "rəis” bizi mədəni şəkildə qarşılayıb, ədəb-ərkanla da yola saldı. Təklif elədi ki, avtomobili texniki baxışdan keçirək, nasazlıqlara göz yumarlar. Çöldəki növbəni, istini xatırlatmağımız da "rəis”in ürəyini yumşaltmadı. Kor-peşman dəhlizə çıxmışdıq ki, balacaboy, sifəti gündən qaralmış bir kişi bizdən Muradın yerini soruşdu. Dedi ki, bizim yanından çıxdığımız "rəis” onu da Muradın yanına göndərib, amma tapa bilmir. Nə isə, uzunçuluq olmasın, kişini qarabaqara izləyib Muradı tapdıq. Bir beşlik də Anardan alıb, eynən onun kimi, "rəis” bizi sənin yanına göndərdi" deyib avtomobilin texniki pasportuna bir əllilik calayıb verdik Murada. O da dinməz-söyləməz əlliliyi götürüb atdı çəkməcəsinə. Avtomobilin texniki baxışdan keçdiyini təsdiq edən "birka”nı texniki pasporta vurub qaytardı özümüzə. Beləcə, biz də reportajı yarımçıq qoyub, yalanımızın üstü açılmasın deyə aradan çıxdıq.
Oxşar xəbərlər
Seçki məntəqələrinə kameralar quraşdırılır
"Aztelekom” MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ölkədə keçiriləcək parlament seçki məntəqələrinin müşahidə kameraları ilə təchiz...