Məcnun Məmmədov: "Azad olunmuş ərazilərdə fermerlərə torpaq verilməsi sürətlənir"
"Kənd təsərrüfatı təkcə iqtisadi fəaliyyətə aid deyil, eyni zamanda, sosial sahəyə və regionların inkişafına təsirləri olduqca böyükdür. Statistikaya əsasən, Azərbaycanın bölgələrində və kəndlərində yaşayan əhalinin təxminən 50 faizi kənd təsərrüfatı ilə məşğuldur. Düşünürük ki, azad olunmuş ərazilərə geri qayıdan əhalinin məşğulluq göstəricisinin də bu rəqəmə yaxın olacağı gözlənilir".
BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
"Burada görülən işləri iki mərhələyə ayırmaq istərdim. İlk mərhələ 2020–2025-ci illəri əhatə edir. Bu dövr daha çox infrastrukturun qurulması, şəraitin yaradılması, yeni kənd və şəhərlərin salınması, eləcə də əhali üçün kənd təsərrüfatının təşkili modelinin formalaşdırılması axtarışları ilə xarakterizə olunur. Eyni zamanda, bu dövr ərzində orada müəyyən olunmuş təxminən 180 min hektar əkin ərazisi mövcuddur, 8 min hektara yaxın bağ sahələri, çoxillik əkmələr var.
Təəssüf ki, həmin bağların bir qismi yaxşı vəziyyətdə deyildi, bərpası lazımdır, onlar yenidən qurulacaq. Bu əkin sahələrinin bir qismi - 10 min hektara yaxını kütləvi şəkildə mina və partlamamış digər silah-sursatla çirklənmiş sahələrdir. Bunlara xüsusilə də keçmiş təmas xəttində yerləşən ərazilər aiddir. Qalan ərazilərdə isə, əlbəttə ki, intensiv kənd təsərrüfatına hazırlıq işləri görülür."-,deyə nazir əlavə edib.
O əlavə edib ki,kəndlərdə yaşayan, geriyə qayıdan əhaliyə 2025-ci ildən etibarən torpaqların təhkim olunması prosesinə başlanıldı:
"Biz artıq 14 kənddə prosesə başlamışıq. Həmin kəndlərdən doqquzunda işlər başa çatdırılıb və fermerlərlə, əhali ilə müvafiq müqavilələr bağlanılıb. Nümunə kimi bildirim ki, ilk pilot layihəmiz Zəngilanın Ağalı kəndində oldu. Zəngilanın Məmmədbəyli, Xocalının Xanyurdu və Ballıca, Laçının Zabux kəndlərində həyata keçirilib. Xocavəndin Qırmızı Bazar qəsəbəsində hazırda həyata keçirilir. Digər kəndlərdə də əhali köçdükcə kəndətrafı torpaqların parselləndirilərək əkinə hazır vəziyyətə gətirilməsi və fermerlərə təhkim olunması nəzərdə tutulur.
Burada bir məqama toxunmaq istəyirəm ki, fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi qoymuşuq, bu, 5 hektardır. Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir. Ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur. Ağalını misal çəkə bilərəm, 32 fermer birləşərək üç kooperativ yaradıb. Onlara 51,6 hektar torpaq təhkim olunub və müqavilələr bağlanıb. Digər bütün kəndlərdə də bu istiqamətdə işlər aparılır".
Məcnun Məmmədov həmçinin deyib ki, ikinci istiqamət isə investisiya məqsədlidir, daha çox ərzaq təhlükəsizliyinə hesablanıb:
"Yəni daha dəyərli məhsul istehsalı istiqamətində torpaqların bu sahədə çalışan peşəkar fiziki və hüquqi şəxslərə - investorlara təhkim olunmasıdır. Bu da cənab Prezidentin Fərmanı çərçivəsində həyata keçirilir, orada təsbit olunub. Biz artıq iki müsabiqə keçirmişik. İlk müsabiqədə investorlarla təxminən 3 min 500 hektara yaxın sahə üçün müqavilə bağlanıb, növbəti beş il ərzində 70 milyon manata yaxın investisiya qoyulması nəzərdə tutulur. İkinci müsabiqədə 13 min hektar sahə müsabiqəyə çıxarılmışdı və həmin müsabiqə bu ilin fevral ayında başa çatdı. Hazırda müqavilələrin bağlanması üçün yekun proseslər həyata keçirilir.
Müqavilə çərçivəsində növbəti beş il ərzində 100 milyon manatdan çox investisiyanın qoyulması nəzərdə tutulur. Burada müxtəlif istiqamətli torpaq təhkimləri həyata keçirilir. Bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq, istixana, gülçülük, aqroturizm istiqamətli layihələr təqdim olunur və komissiya tərəfindən baxılaraq qaliblər elan edilir. Qeyd edim ki, hazırda üçüncü və dördüncü investisiya müsabiqələri elan olunub və onların sənəd qəbulu həyata keçirilir".
Oxşar xəbərlər
İçərişəhərin iqtisadi potensialı və bərpası - Rəqəmsallaşma və "ağıllı qoruq" modeli
Baku TV-nin "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin...