İlk dəfə elektron imtahan keçirildi
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı, həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.
BAKU.WS DİM-ə istinadən xəbər verir ki, dövlət qulluğuna qəbul imtahanı, həmçinin dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (BB vəzifə qrupları istisna olmaqla) DİM-in yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda təşkil olunub.
Burada namizədlər kompüter vasitəsilə imtahanı veriblər. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında iştirakçıların
şəxsi kabinetlərinə yerləşdirilib.Xatırladaq ki, yeni imtahan korpusunda yaradılan bulud əsaslı texnoloji infrastruktur müasir innovativ “private cloud” platformasında qurulub. DİM tərəfindən hazırda keçirilən 45 növ imtahanın hər biri iştirakçı sayı nəzərə alınmaqla bu binada təşkil oluna bilər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olaraq, binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan verir.
Məhz bu texnologiya sayəsində Naxçıvanda keçirilən imtahan da elektron formada təşkil olunub və vahid mərkəzdən idarə olunub.
Yeni imtahan korpusunun fəaliyyətə başlaması biliyin qiymətləndirilməsi kimi kütləvi prosesin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addımdır.
Dövlət qulluğuna qəbul imtahanı
İmtahanda 111 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 3 nəfər, AC1 altqrupu üzrə 4 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC3 altqrupu üzrə 8 nəfər, AC4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 34 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Qeyd olunduğu kimi, AB, AC, BA vəzifə qrupları üzrə imtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində keçirilib. Bu imtahanda 88 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 3, AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 6, AC4 altqrupu üzrə 4, BA1 altqrupu üzrə 4, BA2 altqrupu üzrə 13, BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 70 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.
Oxşar xəbərlər
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəz...