Kür çayı yenə quruyur

Kür çayı yenə quruyur
Sosial 480

Salyan və Neftçala rayonları ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi vəziyyəti daha da gərginləşdirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, avqustun 29-dan etibarən Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə azalmağa başlayıb. Bəzi günlər 25-30, hətta 50 santimetr azalmalar müşahidə olunub. Azalmalar nəticəsində çayda suyun səviyyəsi 3 metr aşağı düşüb. Nəticədə Kürün müxtəlif ərazilərində irili-xırdalı adalar üzə çıxıb.

Kürətrafı quraşdırılmış dayanıqlı və üzən su nasos stansiyalarının məhsuldar işləməsində çətinliklər yaranıb. Bu da öz növbəsində əkin sahələrinin suvarılmasına ciddi təsir göstərib.

Çayda suyun səviyyəsinin minimum həddən də aşağı olması Neftçalada vəziyyəti yenidən gərginləşdirib. Artıq dəniz suyu Kürə qarışıb, nəticədə çayın rayonun Bankə qəsəbəsi ərazisindən keçən hissəsinədək suyu şorlaşıb. Mütəxəssislərin fikrincə, çayda azalmalar belə davam edərsə, hər iki rayonda vəziyyət daha da çətinləşə bilər.

Xatırladaq ki, avqustun sonlarında respublika ərazisində intensiv yağışların yağması nəticəsində Kürün Salyan və Neftçala ərazilərindən keçən hissəsində çayda suyun səviyyəsi 2 metrdən çox qalxmışdı. Çayda axım sürətli olduğundan şorlaşmış su dənizə axıdılmış, Neftçalada vəziyyət normal hala düşmüşdü.

Oxşar xəbərlər

Son xəbərlər