Kirayə mənzil layihəsi ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

Kirayə mənzil layihəsi ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Sosial 245

Azərbaycanda vətəndaşların mənzil təminatının genişləndirilməsi istiqamətində daha bir addım atılıb. İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə veriləcək yaşayış sahələrinin satın alınması üzrə yeni tender (2-ci mərhələ) elan edib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ümumi dəyəri təxminən 200,4 milyon manat təşkil edir.

Satınalma prosesi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiqlənmiş qaydalara əsasən həyata keçiriləcək. Layihənin əsas məqsədi vətəndaşların uzunmüddətli kirayə əsasında mənzillə təmin edilməsi və sonradan mülkiyyət hüququnun onlara verilməsidir.

Satın alınacaq mənzillər əsasən Sumqayıt şəhərinin yaşayış massivlərində yerləşəcək. Tender şərtlərinə görə, təchizatçıların təklif etdiyi yaşayış sahələrinin ümumi sahəsi 20 min kvadratmetrdən az olmamalıdır.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayə müqaviləsinin minimal müddəti 3 il, maksimal müddəti isə 25 il olacaq. Kirayəçinin yaşı müqavilənin son ödəniş tarixinə 70 yaşdan çox olmamalıdır. Mənzilə köçməzdən əvvəl isə vətəndaş aylıq ödənişin ən azı 12 misli məbləğində qabaqcadan ödəniş etməlidir.

Kirayə ödənişləri yalnız Azərbaycan manatı ilə həyata keçirilir. Müqavilə üzrə hüquq və öhdəliklərin başqasına ötürülməsi mümkündür, lakin bu müraciət kirayə müqaviləsi qüvvəyə mindikdən ən azı 12 ay sonra edilə bilər.

Son xəbərlər