Kimlər oruc tutmaya bilər?

Kimlər oruc tutmaya bilər?
Açıqlama
Sosial 108

Ramazan ayı müsəlman dünyasında ən müqəddəs və dəyərli aylardan biridir. Bu ay təkcə oruc tutmaqla deyil, həm də mənəvi saflığa nail olmaq, ruhən və cismən təmizlənmək, xeyirxahlıq və mərhəməti artırmaqla dəyərləndirilir.

BAKU.WS-in məlumatına görə, Ramazan ayı insanları səbirli olmağa, nəfsə qalib gəlməyə və ehtiyacı olanlarla həmrəylik nümayiş etdirməyə təşviq edir.

Bəs bu ayda kimlərsə oruc tutmaya bilərmi? İslam dinində  bununla bağlı konkret göstərişlər varmı? 

Bu suala cavab tapmaq üçün ilahiyyatçı Fərid Abdullaha müraciət etdik. Dinşünas BAKU.WS-ə açıqlamasında bildirdi ki, əgər bir şəxs şəriət hökmlərinə əsasən müsafir olarsa, yəni səfərdə olarsa, ona oruc tutmamaq icazəsi verilir:

"Quranda belə buyurulur ki, Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir. (Bəqərə, 2:185). Bu səbəbdən bəzi hallarda müəyyən şəxslərə güzəştlər edilmişdir. Əgər bir şəxs şəriət hökmlərinə əsasən müsafir olarsa, yəni səfərdə olarsa, ona oruc tutmamaq icazəsi verilir. Sonradan buraxdığı günləri qəza etməlidir.

Lakin bir insanın peşəsi çoxlu səfər etməkdirsə, bu məsələdən istisnadır. Habelə bir insan səfərə günorta azanından sonra çıxsa, orucunu tamamlamalıdır.

Sonra icazə verilən hal xəstəlikdir. Əgər oruc tutmaq xəstəliyi artırarsa və ya sağalmanı gecikdirərsə, insan oruc tutmamalıdır. Sonradan sağaldıqda, buraxdığı orucu qəza etməlidir. Əgər xəstəlik daimi olarsa, fidyə verməsi kifayətdir.

Sonra hamiləlik və ya südvermə hallarıdır ki, əgər hamilə və ya süd verən qadın üçün oruc tutmaq özünə və ya övladına zərər verə bilərsə, orucu sonraya saxlaya bilər. Habelə yaşlılıq və zəiflik halıdır ki, əgər yaşlı insanın bədəni oruca tab gətirmirsə və sağalma ehtimalı yoxdursa, oruc yerinə fidyə verməsi icazəlidir.

Digər istisna hal menstruasiya və nifas halıdır ki, qadınlar aybaşı və doğuşdan sonrakı qanaxma dövründə oruc tuta bilməzlər. Bu günlərin orucu sonra qəza edilir". 

Orxan Hüseyn

Son xəbərlər