İki nazirlik ölkənin istilik probleminə görə hərəkətə keçdi

İki nazirlik ölkənin istilik probleminə görə hərəkətə keçdi
Sosial 1140

 

Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsindəki 29 nömrəli binada istilik 10 ildən yuxarıdır ki, yoxdur. Paytaxt sakini Rafael Tağıyev bildirir ki, bu ilin əvvəlindən söz veriblər ki, noyabra kimi istiliyi bərpa edəcəklər. Rəfael deyir ki, pul da yığıb veriblər, amma mənzillər hələ də qızdırılmır. 9-cu mikrorayon, Mir Cəlal küçəsindəki 123 nömrəli binada isə istilik bir gün verilib, sonra "qaz yoxdur” - deyə, kəsiblər.

Yasamal rayonu, Əsəd Əhmədov küçəsindəki 34 nömrəli binanın sakinləri də istiliyin nə olduğunu bilmirlər. Bu rayonun Mirəli Seyidov küçəsində yaşayan Rəsmiyyə Məmmədbağırova da istilik sisteminin işləmədiyini, hərənin evini bir cür qızdırdığını yazır. Nərminə Əzimova Əhmədlidə Şıxlinski küçəsindəki 20 nömrəli binada yaşayır. İki il idi ki, evlərini ala-babat isidirdilər. İndi deyirlər ki, qazanxana işləmir. Amma pulunu yığıb gediblər. 

Bütün bu və çoxsaylı digər şikayətlərə inanmamağa haqqımız və əsasımız yox idi. Odur ki, "Azəristiliktəchizat” ASC-nin internet səhifəsində yerləşdirilən telefona zəng etdik. Nə qədər yığsaq da, cavab verən olmadı. Əlacımız kəsildiyindən biz də hamı kimi bu təşkilatın "qaynar xətt”indən aldığımız bir neçə nömrəyə zəng vurmaq istədik. Lakin istədiyimiz elə istək olaraq qaldı. Problemin qazla bağlı olduğunu bildiyimizdən bu dəfə "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb vəziyyəti aydınlaşdırmağa qərar verdik. Xidmətin rəhbəri İ.Kərbalıyev dedi ki, həqiqətən, İstehsalat Birliyi tərəfindən qazanxanalara verilən qaz kəsilib:

- Bu, "Azəristiliktəchizat” ASC-nin bizə olan borcları ilə bağlıdır. Lakin borcu olmayan qazanxanalar işləyir və biz hətta güzəştə gedərək 1000 manatacan borcu olan qazanxanalara da qaz veririk.

"Neçə qazanxananın qazı kəsilib, borcun məbləği nə qədərdir” - suallarına cavabı isə ala bilmədik: "Yaxşı olar ki, "Azəristiliktəchizat”dan öyrənin”.

"Azəristiliktəchizat” ASC-yə vurduğumuz zənglər isə yenə cavabsız qaldı. Vəziyyəti belə görüb "Azəristiliktəchizat”ın rayon şöbələrindən biri ilə əlaqə saxladıq. Yasamal rayonundakı 14 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin mühəndisi Rəfiqə xanım Əmirova vəziyyətin dözülməz dərəcədə çətin olduğunu, bəzi sakinlərin onların üstünə gəldiyini, hətta onları istilik pullarını mənimsəməkdə ittiham etdiklərini bildirdi və rəhbərliklə əlaqə saxlamağımızı xahiş etdi. Nəhayət, "Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətləri şöbəsinin rəisi Rafiq Əliyevlə telefon əlaqəsi yarada bildik. İlk sualımız problemin nədən qaynaqlandığı barədə oldu.

Bu da ASC rəsmisinin izahı: "Azəriqaz” İstehsalat Birliyi də, "Azəristilik təchizat” ASC də dövlət qurumlarıdır. Uzun illər faydalı əməkdaşlığımız olub. Əvvəllər hər iki müəssisə Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində idi və fəaliyyətimiz bu qurum tərəfindən koordinasiya edilirdi. İşlədiyimiz uzun illər ərzində problemlərimiz, hətta məhkəmə çəkişmələrimiz olsa da, bütün mübahisəli məqamlarda ortaq məxrəcə gələ bilmişik. Bu gün isə istehlak edilən təbii qaza görə borclar tam ödənmədiyi üçün "Azəriqaz” İstehsalat Birliyi qazanxanaların qaz təchizatının dayandırılması haqqında göstəriş verib. Borcumuz olduğunu inkar etmirik və borclu qalmağı da yaxşı hal saymırıq. Amma borc məsələsi hüquqi müstəvidə həll olunmalıdır. "Azəriqaz” İB dövlət başçısının sərəncamı ilə yaradılıb və sərəncamda onun "Bakqaz”ın sələfi olduğu göstərilmir. Buna görə də köhnə borcların tələb edilməsi, ümumiyyətlə, borcun məbləği mübahisəli məsələdir. Uşaq bağçaları, məktəblər, xəstəxanalar büdcə təşkilatlarıdır. Onların istilik haqqını dövlət ödəyir. Biz bu borcların məbləği çox olanda da onlara istilik verilməsini dayandırmamışıq, çünki həmin təşkilatlar üçün istilik insanların sağlamlığı ilə bağlıdır. Sadəcə, münasibətlərin iki təşkilat arasında bu səviyyədə gərginləşməsinə təəssüflənirəm. Lakin biz məsələnin həlli üçün bütün vacib addımları atırıq, müvafiq qurumlara, hökumətə rəsmi müraciət etmişik.

Yeri gəlmişkən qeyd edək ki, "Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyevin sözlərinə görə, onların istehlak etdiyi qazın həcmi "Azəriqaz”ın satdığı qazın həcminin cəmi 1,74 faizini təşkil edir. Başqa sözlə, söhbət "Azəriqaz” üçün o qədər də böyük həcmdən getmir. Bu o deməkdir ki, "Azəristiliktəchizat” ASC-nin istehlak etdiyi qaz "Azəriqaz”ın fəaliyyətini iflic edəcək səviyyədə deyil. İ.Mirzəliyevin sözlərindən o da məlum olur ki, bu məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi öz təkliflərini Nazirlər Kabinetinə yaxın zamanda paket şəklində təqdim edəcək. Yəqin ki, müəyyən kompromisə gəlinəcək və yaxın günlərdə problem həllini tapacaq.

Sədr müavini, həmçinin qiymətlərin qaldırılmasına da münasibət bildirib: "2011-ci ildə Tarif Şurasının qəbul etdiyi qərara əsasən, yaşayış sahəsinin 1 kvadratmetrinə görə 1 kubmetr istilik enerjisinin tarifi 15, digər qruplar üçün 25 qəpik səviyyəsində müəyyənləşdirilib. Bu gün biz isti su təchizatı istisna olmaqla, tariflərin artırılmasını aktual hesab etmirik. Çünki tariflərin artırılmasınadək bir sıra atılası addımlar var. Məsələn, istehsal və digər xərclərin azaldılması, xidmət xərclərinin müəyyənləşdirilməsi, büdcədən maliyyələşdirilən təşkilatlara istilik haqlarının ödənişi üçün müəyyən edilən limitlərin faktiki tələbata uyğunlaşdırılması, əhali üzrə istilik haqlarının yaşayış sahəsinə deyil, ümumi sahəyə tətbiq olunması, modernləşdirilmə siyasətinin davam etdirilməsi və s. Qeyd etdiyim məsələlər bu və ya digər formada həllini tapsa, hesab edirəm ki, bu, tarif artımından daha effektli ola bilər”. 

Tərəflərin mövqeyindən göründüyü kimi, onlar öz aralarında pul davası edirlər. Özü də havaların soyuduğu və mənzillərin, sosial obyektlərin isidilməli olduğu bir vaxtda. Bəs, qışa hazırlıq mərhələsində nəylə məşğul idilər? Saytlarda fəaliyyətlərinin ancaq müsbət cəhətlərini göstərib, özlərini tərifləməklə iş bitmir! Havalar soyuyan kimi "xoruzun quyruğu” görünür. Evləri isitməmiş isə qiymətləri qaldırmaq barədə düşünürlər. Hələ nə qədər təmir olunmadığından pis isidilən mənzillər var, şaxtalı günlərdə isə yeni problemlərin olacağı istisna deyil. 

Adıçəkilən 2 nazirlik - Maliyyə və İqtisadiyyat və Sənaye nazirlikləri məsələni gec qaldırsalar da, həllinə tez nail olmalıdırlar! Vaxt gözləmir.

Qışın işini yayda görərlər - demişlər. İndiki halda isə adıçəkilən qurumlar, iş-işdən keçəndən sonra işə başlayıblar. Həm də bir-biri ilə çəkişməklə. Sakinlər isə istilik gözləyir!

Azərbaycan qəzeti

BAKU.WS

Oxşar xəbərlər

Prodüsser Tolikdən qaz şikayəti (FOTO)

Prodüsser Tolikdən qaz şikayəti (FOTO)

Tanınmış prodüser Tolik (Tarix Əliyev) yaşadığa mənzilə qaz verilməmisəndən şikayətlənib. BAKU.WS məlumat verir ki, prodüsser yaşadığı mənzilə qaz verilməməs...

1003 Şou-biznes 10:31 25 noyabr 2015

Son xəbərlər