Hotellərin qiyməti qalxır, bəs keyfiyyət?

Hotellərin qiyməti qalxır, bəs keyfiyyət?
Sosial 34

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı beşulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi üzərindən bir gecə qalmaq üçün orta qiymət 215,6 manat təşkil edib. Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 faiz çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 349,9 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, bir il əvvələ nisbətən 12,8 faiz çoxdur. İkinci yerdə 327 manat olmaqla Quba hotelləri qərarlaşıb. Beşulduzlu hotellər arasında üçüncü yeri isə 308,8 manat olmaqla Abşeron hotelləri tutub. Bu rayonda orta qiymət son bir ildə 82,7 faiz artıb.

BAKU.WS xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Deməli, tələb var"

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri Samir Dübəndi bahalaşmanı bir neçə amillə izah edir: "Bahalaşma dünyada baş verən inflyasiya, xərclərin artması kimi amillərlə izah edilə bilər. Beşulduzlu və daha aşağı kateqoriyalı hotellərin müştəriləri müxtəlif olur. Buna baxmayaraq, sözügedən sahədə bahalaşma bütün biznes seqmentlərinə təsirini göstərir. Azad bazar münasibətlərinin qanunlarına istinadən tələb və təklif arasında mütənasiblik olmalıdır. Bu pozularkən iqtisadi sistemdə neqativ hallar baş verə bilər. Əgər daha baha qiymətə xidmətlər satılırsa, deməli, onlara tələb var".

Sədrin fikrincə, ölkənin beşulduzlu hotelləri yerli və xarici turistlərə xidmət göstərməklə yanaşı, çoxsaylı rəsmi qonaqları da qəbul edir, müxtəlif biznes xidmətlər göstərirlər. Odur ki, bahalaşma onların doluluq dərəcəsinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.

Dördulduzlu hotellərin qiymətində dəyişiklik ola bilər

Turizm eksperti Kənan Hənifəyevin sözlərinə görə, bu aralar ölkəmizdə əlamətdar tədbirlərin olması ilə əlaqədar qiymətlərin yüksəlməsi mümkündür: "Hotellərin bahalaşması turist artımının, tələbatın olması ilə bağlıdır. Bahalaşma əsasən bayram günlərində, həmçinin "Formula-1" və ya beynəlxalq konsertlərin olduğu ərəfədə olur. Belə zamanlarda xüsusilə də beş və dördulduzlu hotellərdə qiymətlər 20-30 faiz qalxır".

Ekspertin fikrincə, hotellərin qonaq sayı azaldıqda qiymətlərin enməsi mümkündür: "Beşulduzlu hotellərin qiymətinin qalxması tələb-təklifə uyğundursa və mövcud hotellərdə yer yoxdursa, artıq dördulduzlu hotellər sifariş edilir. Bu da təbii olaraq dördulduzlu hotellərin qiymətində də dəyişikliyə səbəb olur. Müəyyən aylar olur ki, qonaqların sayında azalma müşahidə edilir. Bu zaman hotellər qiymətlərdə dəyişiklik edib, onları aşağı sala bilər".

"Qiymət siyasətini rəqabət formalaşdırır"

İqtisadçı Eyyub Kərimli düşünür ki, tələb artanda qiymətlərin yüksəlməsi normaldır: "Bu ilin müvafiq dövrü ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə turizm səfərlərində 30 faizdən yuxarı artım baş verib. Bu da hotellərin qiymətlərinə öz təsirini göstərir. Düşünürəm ki, bu, yalnız beşulduzlu hotellərə yox, digərlərinin də qiymətinə təsir edə bilər. Həmçinin qarşıda COP29 tədbiri gözlənilir. Tələb artanda, qiymətlər də yüksəlir".

İqtisadçı bildirdi ki, bəzən qiymətlər yüksəlsə də, bunu keyfiyyətdə görmək olmur: "Fikrimcə, qiymət artımı və keyfiyyət bərabər olsa, daha yaxşıdır. Biz bəzən belə hallarla rastlaşırıq ki, qiymət artır, amma keyfiyyətdə heç bir dəyişiklik olmur. Düşünürəm turizm inkişaf etdikcə, keyfiyyət də artacaq. Qiymət siyasətini həm də rəqabət formalaşdırır. Hotellər arasında nə qədər rəqabət olsa, bu özünü qiymətlərdə də göstərəcək".

Daxili turizm inkişaf edir

Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Rəhman Quliyevin fikrincə, hotellərin qiymətinin artmasının əsas səbəblərindən biri quru sərhədlərin bağlı olmasıdır: "Bu, regionlara müsbət təsir göstərir. Pandemiyadan öncə insanlar istirahət üçün daha çox Gürcüstana, Türkiyəyə üz tuturdular. Amma sərhədlər bağlı olduğundan hazırda regionlara səfər edirlər. Sevindirici haldır ki, daxili turizm günü-gündən inkişafdadır. Vəsait ölkədən kənara çıxmır".

R.Quliyevin sözlərinə görə, hotellər qiymətlərini nüfuz və keyfiyyət üçün də artıra bilər: "Hotellər portfelini müştərinin büdcəsinə görə formalaşdırır. Bu gün hər hansı bir hotel xidmətin keyfiyyətini qaldırmaq istəyirsə, işçi sayını artırmalı, mebelləri dəyişməlidir... Bu zaman əlavə xərclər lazımdır. Bu xərclər də qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Əgər əvvəl xərclər 100 manat idisə, indi 150 manat olur. Qiymətdən narazı olan turist daha aşağı ulduzlu hotellərə üz tutacaq. Bu zaman beşulduzlu hotel müştəri portfelini daha üst kontingentlə doldurmağa çalışacaq. Hotel 100 faiz dolmasa da, kontingent daha yüksək olacaq. Eyni pulu qazanacaq, amma nüfuzu da yüksələcək".

Komitə rəhbəri bildirdi ki, qiymətləri tənzimləmək üçün hotel sayı artırılmalıdır: "Qiyməti bazar özü tənzimləyir. Sahibkar qiyməti stabil saxlaya bilmir. Düşünürəm ki, yaxın gələcəkdə ekonom büdcəli hotellərin sayını artırsaq, bu, qiymətlərin stabilləşməsinə səbəb olacaq".

Oxşar xəbərlər

Son xəbərlər