"Hər gün qorxa-qorxa keçirik" - Beş kəndi rayon mərkəzi ilə birləşdirən körpü TƏHLÜKƏ SAÇIR
Göygöl rayonunda beş kəndi rayon mərkəzi ilə birləşdirən əsas yolun üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb. Güclü yağışlar və sel suları nəticəsində körpünün bir hissəsi dağılıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, alternativ yol olmadığından hər gün bu körpüdən istifadə etmək məcburiyyətində qalırlar.
Onlar körpünün istənilən an tamamilə uça biləcəyindən narahatdırlar və aidiyyəti qurumlardan problemin həllini istəyirlər.
"Hər gün bu yolla gedib-gəlirik. Buradan keçənədək əlimiz ürəyimizin üstündə olur ki, birdən körpü uçub-dağılar. Təkcə biz istifadə etmirik. Buradan yük maşını keçəndə vəziyyət daha da çətinləşir", - sakinlərdən biri bildirib.
Digər sakin isə körpünün uzun müddətdir təhlükəli vəziyyətdə olduğunu deyib:
"Bu, bizim əsas yolumuzdur. Buradan qorxa-qorxa keçirik. Hətta bir neçə avtomobil qəzaya uğrayıb. Dəfələrlə şikayət etmişik, sözümüzü demişik, amma baxan yoxdur".
Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan və ümumilikdə beş min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun dördüncü kilometrliyində yerləşən körpüyə yerində baxış keçirilib.
Qeyd olunub ki, 1960-cı illərdə inşa edilən körpünün texniki vəziyyətinin qiymətləndirilməsi zamanı ciddi aşınma və zədələnmələr aşkarlanıb. Mövcud vəziyyətin nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün risk yaratdığı müəyyən edilib. Bununla əlaqədar Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə müvafiq məktublar ünvanlanıb. Bildirilib ki, məsələ nəzarətə götürülüb.
Oxşar xəbərlər
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, 95 ünvanında fəaliyyət göstərən onlarla sahibkar obyektlərinin gələcək taleyindən narahatdır. Sahibkarların sözlərinə...