Hadi Rəcəbli saxta əlillik verilməsindən danışdı: O işlərə prokurorluq baxır

Hadi Rəcəbli saxta əlillik verilməsindən danışdı: O işlərə prokurorluq baxır
Sosial 2110
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyəti qənaətbəxş hesab etmədiyini açıqlayıb. Nazir qeyd edib ki, əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır: “Qanunla əlillik dərəcəsi almağa hüququ çatanların haqları süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Eyni zamanda, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir. Belə hallara yol verən əməkdaşlar aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacaq”.S.Babayev deyib ki, Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparılır: “Artıq risk qrupu xəstəlikləri ilə əlaqədar saxta tibbi sənədlər tərtib olunmaqla rəsmiləşdirilmiş göndərişlər əsasında verilmiş bəzi yanlış əlillik təyinatları ləğv edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli nazirin bu istiqamətdə verdiyi tapşırıqların təqdirəlayiq olduğunu bildirib:“Biz qanun hazırlayan orqanıq. Saxta əlillik verilməsi hallarına nəzarət məsələsinə hüquq-mühafizə orqanları, prokurorluq baxır. Biz qanunda hər şeyi dəqiqliklə qeyd etmişik. Bu, direktiv sənədlərdə də tənzimlənir. Yaxşı olar ki, icra mexanizminin həyata keçirilməsinə ciddi nəzarət edilsin. Biz çox sevinirik ki, artıq belə tendensiya yaranıb. Çünki bizim qanunvericilikdə bununla bağlı hər hansı boşluq yoxdur. Biz qanunları hazırlamışıq və hakimiyyətin bir qolu olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun icrası ilə məşğul olur. Sevindirici haldır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə sağlamlaşdırma aparır”.BAKU.WS

Son xəbərlər