Generalın həyat yoldaşı: “Bəzi şəxslər Polad Həşimovun adından sui-istifadə edirlər” - FOTO - MÜSAHİBƏ
“Ən böyük arzum Polad Həşimovun Xatirə muzeyinin yaradılmasıdır”.
BAKU.WS xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova deyib.
Həmin müsahibəni təqdim edirik:
- Mütaliəli xanımsınız, Polad Həşimovu bədii əsərlərdə kimə bənzədirsiniz?
- Oxuduğum heç bir əsərdə Polad Həşimovu görməmişəm. Həmişə düşünürdüm ki, daha bir üstü var. Onun həyatına şahid olan insan kimi deyirəm. Çox istəyirəm özüm elə bir əsər yazım ki, Polad Həşimov qəhrəmanlığını, şəxsiyyətini orada tam aça bilim, onu olduğu kimi ifadə edim.
- Polad Həşimovun Türkiyə həyatına da nəzər yetirək, onun formalaşmasında bu faktorun rolu var idi?
- Polad Həşimov təhsilini artırmaq üçün iki dəfə Türkiyədə olub. 2003-cü ildə, bizim toy ərəfəsində getmişdi. Avqustda toy olmalı idi. Polad gəldi ki, bəs, onu Türkiyəyə göndərirlər. Toyun tarixi dəyişdi, açığı uzağa getdiyi üçün pis olmuşdum, darıxacaqdım. Oradan çox yüksək təəssüratla qayıtmışdı, çox sevirdi Türkiyəni... Türk sevgisi həmişə içimizdə olub. Türklərə qarşı sevgi mənə ailəmdən gəlib. Türk sözü həmişə güvən verib. Polad da türkiyəli ailələrlə tanış olmuşdu. Son illərə qədər əlaqə saxlayırdı onlarla. Hərbi baxımdan, təhsil baxımından Türkiyə ona çox müsbətlər qatmışdı. Onu qardaş ölkədə çox tanıyırlar. Mən düşünürəm ki, Polad Həşimov tək Azərbaycanın yox, Türk Dünyasının qəhrəmanıdır.
- Hər insanın sevdiyi xüsusi, fərqli şeylər olur. Məsələn, onun sevdiyi yemək, geyim, rəng, kino, musiqi və s. hansılar idi?
- Milli mətbəximizin yeməklərini, ən çox dovğanı, kələm dolmasını, Qəbələ plovunu sevərdi. Şirniyyat isə çox yemirdi. Çox sağlam həyat tərzi keçirirdi. Yüngül yeməklər yeyərdi. Son illər özünə xüsusi diqqət etməyə başlamışdı. Həm sağlam insan idi, həm də idmanla məşğul olurdu.
- Ancaq klassik geyimləri, köynəkləri xoşlayırdı. Ağır, sadə geyimlərə üstünlük verirdi.
- Bildiyimizə görə, idmanı çox sevərmiş…
- Bəli, futbolu çox sevirdi, həmişə izləyirdi, hərbi hissədə hərbçilərlə, əsgərlərlə birgə oynayırdı, güləşi də sevərdi, uşaqları güləşə qoymuşdu. Hətta şəhid olmazdan bir neçə ay əvvəl hərbi hissənin həyətində yaxşı bir futbol meydançası yaratmışdı. Özü idman alətləri gətirib qoymuşdu ki, orada hərbçilər, onların övladları məşğul olsunlar. Hər səhər 5-də qalxıb bir saat piyada gəzərdi.
- Futbolu çox sevdiyini dediniz. Bildiyimizə görə, futbolumuzun generalı Qurban Qurbanov da sizin ailəni ziyarətə gəlib.
- General Polad Həşimovun sevdiyi musiqilər hansılar idi?
- Klassik musiqiləri çox sevərdi. Boçellini çox sevərək dinləyirdi. Bir dəfə həyəcanla çağırdı ki, tez gəl, bu mahnıya qulaq as. Bu, Aybəniz Həşimovanın ifasında “Biri sənsən, biri mən” mahnısı idi. O mahnıya çox qulaq asırdı.
- Qohumlardan, yaxınlardan ən çox kimi istəyirdi?
- Atasını çox sevirdi. Mən Polad Həşimovla atası arasındakı bağı Həzrəti Yusufla atası Həzrəti Yaqub arasındakı bağa bənzətmişəm. Onu fərqli sevirdi. Atası o qədər gözəl insan idi ki, mən də onu öz atam kimi sevmişəm. Parkinson xəstəsi idi, onu çox az, iki il gördüm, ancaq öz atam kimi sevdim. Atası dünyasını dəyişəndə papağını götürmüşdü, onu yumağa qoymurdu ki, qoxusu gedər, özündə saxlayırdı, indi də mən həmin papağı saxlayıram. Bir də ata babası ilə yaxın münasibəti olub. Babası da İkinci Dünya müharibəsində iştirak etmişdi. Ata babasının Polada müharibə haqqında danışdıqlarının sonradan onun hərbçi olmasında rolu olub.
- Ofelya xanım, söhbətin əvvəlində qeyd etdiniz ki, uşaqlarla bağlı qərar verməkdə tərəddüd edirsiniz. Əsas tərəddüdünüz nə ilə bağlıdır?
- Sağlığında bilirdi ki, böyük oğlumuz Davud informasiya texnologiyaları sahəsinə gedəcək, istəyirdi ki, qızımız Aybəniz də diş həkimi olsun. Qızı da onun arzusunu yerinə yetirdi. Tərəddüdüm odur ki, onun sağlığında başına toplaşan insanlar çox idi. İndi onların heç biri yoxdur. Onların çoxu sanki yox oldu. Bir də baxırsan üstündən illər keçib, kimsə zəng vurur ki, “biz onun dostu idik”, evimizə gəlmək, görüşmək istəyənlər olur. Bu zaman mənə qərar vermək çətin olur. Düşünürəm ki, Polad onları qəbul edərdi, ya yox? Ancaq sonra deyirəm ki, dost ilk gündən özünü göstərməli idi. Polad Həşimovun sağlığında onun yanında olan, dəstək verən, ailəsinə hörmət edən insanlar sağ olsunlar, bu gün də bizim yanımızdadırlar.
- Uşaqlarınızın adlarını necə seçmisiniz?
- Qızımın adını babası qoyub. Ancaq oğlanların adını özü qoyub. Əlbəttə, mənimlə də məsləhət etmişdi. Davudun adın Davud peyğəmbərə görə qoyub, Teymurun adını isə Əmir Teymura görə. Əmir Teymuru yüksək sərkərdə kimi qiymətləndirirdi.
- Generalın dinə münasibəti necə idi?
- Çox imanlı insan idi. Onun ağır, məşəqqətli həyatı, səngərdə şəhid olması Allaha bağlı olduğunun, hər addımını Allah rizası üçün atdığının ən gözəl örnəyidir. Hərbi hissədə həmişə qurban kəsərdi, sədəqə paylayardı. İndi Ramazan ayındayıq. Bu ay gələndə necə həyəcan keçirdiyinin şahidiyəm. Təbiətin vurğunu idi, qalxdığı postlardan həmişə çiçəklər, ətirli otlar toplayardı. Bunlar onun həm də incə ruhundan, imanından xəbər verirdi. Biz ailə quranda mənə namaz xalçası almışdı, 17 ildir onun üstündə qılıram namazı, dəyişmirəm, qoruyub saxlayıram.
- Polad Həşimovdan qalan hansı əşyaları daha çox sevirsiniz?
- Biz nişanlı olanda mənə Türkiyədən Quran kitabı gətirmişdi. Bir təsbehi var, o evə gələndə stolun başında hazır olurdu. Həmişə təsbeh çevirərdi. Mənim evimizdə ən çox sevdiyim bu iki əşyadır.
- Bu gün cəmiyyətin Polad Həşimova yanaşması sizi qane edirmi?
- Bəzi hallarda hə, bəzi hallarda yox. Ola bilsin ki, biz çox görünmürük, çox müsahibə vermirik, ancaq bu o demək deyil ki, biz yoxuq. O bir ailə başçısı idi, üç övladı var. Biz onun ailəsiyik, varisləriyik, yolunu davam etdirən insanlarıq. Onun sevgisi, adı toxunulmazdır. Onun qazancı, o sevgidir. Şəhadətindən bu yana xalqımız Polad Həşimovun adının əbədi qorunması üçün çox gözəl addımlar atır. Adına onlarla mahnı bəstələnib, şeirlər yazılıb. Ümumtəhsil məktəblərində Polad Həşimovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.
Ancaq bəzi addımlar da atılır ki, bundan xəbərimiz olmur.
Polad Həşimovun adının əbədiləşdirilməsi üçün təəssüf ki, bəzi şəxslər sui-istifadə edirlər. Hər kəs bilməlidir ki, Polad Həşimovun həyat yoldaşı, onun varisi var. Bizimlə məsləhət olunmalı, icazə alınmalıdır. Polad Həşimovu sevmək onun ailəsinə hörmət deməkdir. İnsanlar bilməlidirlər ki, əgər Polad Həşimovu sevirlərsə, onun adını əbədiləşdirmək istəyirlərsə, varisləri, həyat yoldaşı var, onlarla danışmaq lazımdır. Polad Həşimovu necə yaşatmaq lazımdır, ən doğrusunu mən bilirəm.
Bu yaxınlarda biz gördük ki, bir QHT Polad Həşimovun adına “qızıl medal” təsis edib, bu medalı bəstəkar bir xanıma da veriblər. Qanunvericilikdə hər hansı bir şəxsin medal təsis etmək hüququ yoxdur. Biz inanırıq ki, bir gün “Polad Həşimov adına orden” dövlət tərəfindən təsis olunacaq. Cənab Prezidentin imzası ilə bu orden layiq olan insanlara veriləcək. Mən əminəm ki, dövlət tərəfindən belə addım atılsa, mütləq bizimlə danışılar.
QHT məsələsini indi həll etməyə çalışıram. Bəzi səhv gedişlər edən insanlar oldu. Ancaq ümumilikdə Azərbaycan xalqına təşəkkür edirik ki, bizə qarşı böyük sevgi, hörmətlə yanaşırlar.
- Sizin onunla bağlı həyata keçirmək, gerçəkləşdirmək istədiyiniz hansı istəyiniz var?
- Ən böyük arzum Polad Həşimovun xatirə muzeyinin yaradılmasıdır. Polad Həşimov 100 ildən bir Azərbaycan xalqına göndərilmiş qəhrəmanlardandır. Cənab Prezidentimiz də vurğuladı ki, o, bizim qalibiyyətimizin mərkəzində dayanır. Bunu xalq da bilir. Mən düşünürəm ki, onu gələcək nəsillərə doğru şəkildə ötürmək lazımdır. Bunu etməyin ən yaxşı yollarından biri də onun xatirə muzeyinin yaradılmasıdır. Ev muzeyi demirəm, çünki Polad Həşimovun heç vaxt evi olmayıb. Bu da tarixə mesaj ola bilər ki, belə bir şəxsiyyətin, generalın evi olmayıb. Bu sadəliyin, gözütoxluluğun gələcəyə ötürülməsi üsuludur. Onun bütün şəxsi əşyaları, həm hərbdə, həm də məişətdə istifadə etdiklərinin hamısını saxlayıram. Düşünürəm ki, onlar gələcək nəsillərə ötürülməlidir. Əslində bu, həm də bizim bugünkü hərb tariximizin gələcəyə ötürülməsinin ən gözəl variantıdır. Mən ümid edirəm ki, şəxsi əşyalardan ibarət xatirə muzeyi yaradılacaq. Qeyd etdiyim kimi, əşyalarını saxlamaq mənim çiynimdə çox böyük məsuliyyətdir. Ümid edirəm ki, öhdəsindən gələcəyəm.
İkincisi, onun haqqında bədii əsərin yazılmasıdır. Elə bədii dil seçmək lazımdır ki, onu ən doğru şəkildə ifadə edə bilim.
Digər istəyim övladlarımı onun istədiyi kimi yetişdirməkdir. Yəqin ki, bu, qarşımdakı ən böyük məsuliyyətdir.
- Polad Həşimov şəhid olduqdan sonra bir çox ailələr öz övladlarına onun adını verir. Buna münasibətiniz necədir?
- Çox yaxşı, qoy, onun adı yaşasın. Həm də bir uşağın adının onun həyatına, əməllərinə çox təsir etdiyinə inanıram. Babası da Polad adını ona polad kimi möhkəm olsun deyə qoyubmuş. Bu ad da onun xarakterinə yansıdı. Polad Həşimov adlı uşaqlar var, mən onlarla görüşmüşəm. Hər kəs əlindən gəldiyi qədər istəyir ki, onun adı yaşasın. Kim istəməz ki, onun övladı Polad Həşimov kimi olsun?
- Bir general xanımı olaraq şəhid ailələrinə tövsiyələriniz nədir?
- Tövsiyə deməyək, eyni dərdin daşıyıcıları kimi fikirlərimizi bölüşə bilərik. Bu məsələnin ürək ağrıdıcı tərəfi var. Bizim şəhidlərimiz doğru insanlar idilər, onları özləri kimi yaşatmaq lazımdır. Şəhid ailələrində problemlərə gəldikdə, əslində, bu, hər bir ailədə var. Bu, sosial məsələ deyil. Dövlətimiz bu sahədə sinəsini qabağa verib, gərək olan bütün addımları atır. Burada söhbət mənəvi məsələlərdən gedir. Şəhid ailəsi bilməlidir ki, o, kimi təmsil edir. Bizim heç birimizin şəhidimizin adından istifadə etməyə ixtiyarımız yoxdur. Mən öz şəhidimin adını hər addımımda yaşatmağa, müqəddəsliyini hər yerdə qorumağa çalışıram. Ancaq şəhid ailələrini də anlamaq lazımdır. Övlad, həyat yoldaşı, ata itkisi ağırdır. Ona görə də şəhid ailələrinə qarşı da diqqətli davranılmalıdır. Onlara hər söz toxuna bilər, hər sualı onlara vermək olmaz. Bu məsələdə həm cəmiyyət, həm şəhid ailələri özləri diqqətli olmalıdırlar. Hər iki tərəf ehtiyatlı olmalıdır. Həm sual verən, həm cavab verən. Dəstək olaq, diqqət ayıraq onlara, şəhid ailələrinin ehtiyacı olan budur. Fürsətdən istifadə edərək, bütün şəhid ailələrini salamlayıram.
Şəhid xanımlarının isə faciəsi bir başqadır, onlar xəyalları alt-üst olmuş insanlardır. Onlar bilmirlər ki, kimə güvənsinlər. Bir çoxunun ali təhsil almaq üçün imtahanlara baş vurmasını çox bəyəndim.
Biz Elm və Təhsil Nazirliyinin xətti ilə üç bölgədə olduq. Regional Təhsil idarələrində şəhid xanımları ilə görüşdük. Arzularını, onlara nə kömək etmək olar, özlərinin və övladlarının təhsillə bağlı nə ehtiyacları var, bütün bunları öyrəndik. Biz onları istiqamətləndirdik ki, ən azı peşə təhsili alsınlar. Bir çox şəhid xanımı ilə görüşlər keçirdik. Bildirdik ki, bütün həyatınızı evin içində oturub ağlaya-ağlaya keçirə bilməzsiniz. Bu görüşlərdən sonra bir çox şəhid xanımı peşə təhsili aldı. Əslində biz xalq olaraq müharibədən sonra qadının təhsil almasının önəminin fərqinə daha çox vardıq.
- Və... Polad Həşimovun şəhid olduğu Tovuz onun xanımı üçün nəyi ifadə edir?
- İlk olaraq deyim ki, Tovuz son nöqtə ola bilər, ancaq bu son deyil. O şəhiddir, qəhrəmandır, hər zaman xalqın qəlbindədir. Tovuz Polad Həşimovun bu dünya ilə son nöqtəsidir. Onu orada itirmişəm, ancaq mən Tovuza getdim, yaşadım o gerçəkliyi. Düzdür, mənə dedilər ki, ora getmə, sərhəddir, yüksəklikdir. Düşünürdüm ki, onsuz da ora gedəndə halım pisləşəcək və s. Biz o yüksəkliyə qalxdıq, bir damla göz yaşı axıtmadım. Tam əksinə oldu hər şey, sanki möhkəmləndim, bəlkə orada Polad Həşimovu hiss etdim. İçimdə düşmənə qarşı çox böyük hiddət yarandı. Çünki mənim həyat yoldaşım o nöqtədə məndən alınıb. Amma bir məğrurluq gəldi içimə. Orada sınmadım, əyilmədim. Qürur hissi bütün hissləri üstələdi. Qarşı tərəfə nifrət hissi ilə baxdım. Düşündüm, Polad Həşimov gör harada şəhid olub, ən yüksək zirvədə. Ürəyimdən keçdi ki, kaş gələcəkdə ora əbədiləşdirilsin. Dövlətimiz bizə hər zaman öz dəstəyini göstərir. Bu istəyimizin də qarşılanacağına əminik.
Bilirsiniz niyə? Çünki mənim taleyim Qarabağdır. Çünki mən həyatımı bütün ömrünü Qarabağın azadlığı yolunda səfərbər etmiş bir insanla bağlamışdım. Qarabağ mənim üçün o qədər qiymətlidir ki... O torpaqlar məni özünə çəkir. Hər an həyat yoldaşımın yanında olmağıma, onun yaşadıqlarına şahidlik etməyimə rəğmən mən Qarabağa getdikdən və Tovuzdakı nöqtəyə qalxdıqdan sonra tam mənası ilə anladım ki, Polad Həşimovun mübarizəsi nədən ibarət imiş…
Və bütün bunlardan sonra özlüyümdə düşünürəm, ümid edirəm ki, həyat yoldaşımı ən gözəl şəkildə yaşatmağı bacarıram. Onun qoyduğu ənənəyə sadiqəm. Çalışıram ki, onun yarım qalmış işlərini tamamlayım.
Bu yolda ilk növbədə özümə güc-qüvvət arzulayıram. Çünki mənim görüləcək işlərim çoxdur. Ümid edirəm ki, Azərbaycan xalqı mənim durumumu başa düşür, anlayır. Bütün xalqa Polad Həşimov ailəsi adından təşəkkür edirəm. Sayğını hər addımda hiss edirik. Var olsunlar...
Oxşar xəbərlər
“Çəkmələrini, isti geyimlərini əsgərlərə verirdi” - Polad Həşimovun xanımı ilə MÜSAHİBƏ + FOTO
“Polad Həşimovla evlənən ilk andan anladım ki, o fərqli insandır. Çox sadədir, sənin üçün canını ortaya qoyar, ancaq səsini çıxarmaz”. BAKU.WS xəbər verir ki, b...