Evinə sənəd almaq istəyənlər üçün VACİB XƏBƏR
Azərbaycanda sənədsiz fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı yeni mərhələyə start verilə bilər. Rəsmi məlumatlara görə, Bakı, Sumqayıt və digər yaşayış məntəqələrində 500 mindən çox sənədsiz fərdi yaşayış evi mövcuddur və onların mərhələli şəkildə sənədləşdirilməsi nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu istiqamətdə artıq müəyyən addımlar atılıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən yeni qaydalar təsdiq olunub və həmin qaydalar sənədləşdirmə prosesini sadələşdirməyə yönəlib.
Deputat qeyd edib ki, əvvəlki dövrdə vətəndaşlar evlərinin qeydiyyatı üçün sənəd təqdim edərkən məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanırdısa, müraciətlərə çox vaxt imtina cavabı verilirdi:
"Yeni qaydalara əsasən isə bu yanaşma dəyişdirilib. Artıq belə hallarda müraciət dərhal rədd edilmir, əksinə 15 iş günü ərzində məlumatlar aidiyyəti dövlət qurumları tərəfindən dəqiqləşdirilir. Məlumatların araşdırılması zamanı vətəndaşın təqdim etdiyi sənədlərlə arxiv və rəsmi mənbələrdəki məlumatlar üst-üstə düşərsə, həmin evin çıxarışla təmin olunması mümkün olacaq".
Vüqar Bayramov əlavə edib ki, sənədsiz evlərin kütləvi şəkildə rəsmiləşdirilməsi üçün ayrıca konsepsiya da hazırlanıb və onun yaxın vaxtlarda təsdiq ediləcəyi gözlənilir:
"Konsepsiyaya əsasən, proses mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə 2001-ci ilə qədər tikilmiş fərdi yaşayış evlərinə çıxarış verilməsi nəzərdə tutulur. İlkin mərhələdə təxminən 100 min evin sənədləşdirilməsi planlaşdırılır.
Sənədsiz evlərin hamısına çıxarış verilməsi mümkün olmayacaq. Çünki təxminən 70 minə yaxın ev təhlükəli zonalarda yerləşir. Bu kateqoriyaya neft buruqlarının ətrafı, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığı və iri nəqliyyat qovşaqlarının ətrafında tikilmiş yaşayış evləri daxildir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Nə market qalıb, nə işçi, amma cərimə gəlir
2015-ci ildə fəaliyyətini dayandıran obyektə 11 ildən sonra 1 000 manat cərimə tətbiq olunub. Bu obyekt Sumqayıt şəhəri, Koroğlu prospekti, 746 ünvanında yerləş...