Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun 86 faizi tamamlanıb

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun 86 faizi tamamlanıb
Sosial 25

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu layihəsi üzrə ümumi icra faizi 86 % təşkil edir.

Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq yatağının eni ərazidən asılı olaraq 26,5 metrədək dəyişir.

Layihə üzrə torpaq işləri tam yekunlaşdırılıb, yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.

Eyni zamanda, yolboyu nəzərdə tutulan 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, eləcə də 14 avtobus dayanacağının quraşdırılması işləri artıq tamamlanıb.

Bildirilib ki, Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər