“Ən pis ssenariyə hazırlıqlı olmalıyıq” - Deputat danışdı
“Məlum olduğu kimi, ötən il dünya ölkələrinin təhsil sistemi pandemiya səbəbindən ciddi sınaqla üz-üzə qaldı. Bir sıra ölkələr prosesə operativ və adekvat, bəzi ölkələr isə qeyri-adekvat reaksiya verərək distant təhsilə keçdilər.
Bu da reallıqdır ki, pandemiya dövründə dünya ölkələri distant təhsil sisteminin intensiv inkişaf etdirilməsinin zəruriliyinə bir daha əmin oldu. Bir çox ölkələr 15-20 il öncə distant təhsil sistemini qurmağa çalışsalar da həmin ölkələrdə də distant təhsildə müəyyən problemlər yarandı”.
BAKU.WS xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan təhsil sistemi də pandemiya ilə əlaqədar distant təhsilə keçdi: “Hazırlıq olmadan onlayn təhsilə keçid, təbii ki, xeyli çətinliklər yaratdı. İnternetin zəif olması, kifayət qədər planşet və kompüterin olmaması, sistemin çox yüklənməsi distant təhsilə təsirsiz ötüşmədi. Təhsil Nazirliyi proseslərə adekvat reaksiya verərək universitetlərə Teams MS proqramından istifadə edərək tədrisi qurmağa dair tövsiyə məktubu yolladı. Universitetlər Teams MS proqramından, qismən də ZOOM, Votsap və digər sosial şəbəkələr vasitəsi ilə tədrisi qurmağa çalışdılar”.
C.Məmmədovun sözlərinə görə, əslində bir çox ölkələrin, eləcə də ölkəmizin tətbiq etdiyi bu sistem tam distant təhsil sayılmır: “Praktik istifadə edilən distant texnologiyanın tətbiqi ilə tədris və imtahan prosesinin təşkili üzrə hüquqi normativ baza olmadığı halda bu prosesin aparılmasına çalışılır. Bu reallıq nəzərə alınaraq daha mükəmməl tədris prosesini qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir. Prezident İlham Əliyev bir müddət bundan əvvəl Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə bu məsələyə xüsusi toxunaraq bir sıra tapşırıqlar verdi: “...Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılıb. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb”.
“Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir. Bunun üçün nə etməliyik?” Hesab edirəm ki, distant təhsil üzrə ölkəmizdə ekspertlərin az olması nəzərə alınaraq bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində tədbirlər sürətləndirilməli, distant təhsil haqqında ayrıca qanunun hazırlanması barədə düşünməliyik. Eyni zamanda, distant təhsil sahəsində ekspertlərdən ibarət komissiyanın yaradılması, normal distant təhsil sisteminin qurulması üçün uzunmüddətli strategiya və icra planının hazırlanması günümüzün tələblərindəndir”,-deyə deputat vurğulayıb.
Oxşar xəbərlər
Məktəblərdə ənənəvi təhsilin bərpası xəbərləri ilə bağlı AÇIQLAMA
Koronavirus pandemiyası ilə bağlı artıq ikinci tədris ilidir ki, ölkə üzrə təhsil onlayn formada aparılır. Lakin onlayn təhsilin müəyyən obyektiv və subyektiv p...