Ekspert: Ermənistanın addımları Qarabağ və Şərqi Zəngəzurda humanitar minatəmizləməyə mane olur

Ekspert: Ermənistanın addımları Qarabağ və Şərqi Zəngəzurda humanitar minatəmizləməyə mane olur
Sosial 48

Ermənistanın Azərbaycan ərazilərinin işğalı illərində basdırdığı çoxsaylı minalar təhlükə yaratmağa davam edir və çoxsaylı qurbanlara səbəb olur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə pakistanlı ekspert Tazin Ahtarın "The Nation" qəzetində dərc olunan məqaləsində deyilir.

Bildirilib ki, təhlükə 2020-ci ildə tərəflər arasında hərbi əməliyyatların dayandırılmasından sonra da qalmaqdadır. Müəllif qeyd edib ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir - ölkə ərazisinin təxminən 12 %-də hələ də 1,5 milyon mina və çoxsaylı partlamamış sursatlar qalmaqdadır.

Ekspert vurğulayıb ki, minalar təkcə mülki şəxslərin həyatını əlindən almır, həm də regionun ətraf mühitinə və məhsuldar torpaqlarına ciddi ziyan vurur: "Bu məsələ 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 qlobal iqlim konfransında qaldırılıb. İştirakçılar bu barədə bir sıra müzakirələr aparıblar.

Partlayış nəticəsində yaranan plastik tullantılar ekoloji nəticələrə səbəb olur, torpağın strukturuna mənfi təsir göstərir. Minalar uzun müddət torpaqda qaldıqda təhlükəli kimyəvi reaksiyalara səbəb ola bilər".

O, həmçinin xatırladıb ki, Azərbaycan ötən il humanitar minatəmizləməni rəsmi olaraq özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib:

"Azərbaycan minatəmizləmə prosesinin səmərəliliyini artırmaq üçün bütün mövcud resurslardan istifadə edir və ən müasir texnologiyaları tətbiq edir. Bu, artıq əvvəlki illərlə müqayisədə vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına gətirib çıxarıb. Lakin çoxsaylı çağırışlara baxmayaraq, Ermənistan hələ də mina sahələrinin dəqiq xəritələrini təqdim etməkdən imtina edir ki, bu da regionda təhlükəsizliyin təmin edilməsi üçün humanitar səyləri çətinləşdirir".

Son xəbərlər