DYP hava şəraiti ilə bağlı piyadalara müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı piyadalara müraciət edib.
Bu barədə BAKU.WS-ə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması piyadalar üçün bir sıra çətinliklər yaradıb:
"Bir neçə gün əvvəl aramsız yağan yağışlar səbəbindən yollarda sürüşkənliyin, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşmədi. Həmin ərəfədə 5 nəfərin həyatını itirməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən 11 piyadavurma hadisəsi qeydə alındı. Sözügedən qəzaların hamısının günün qaranlıq vaxtı - saat 18:30-23:00 radələrində baş verməsi isə təsadüfi deyil".
Müraciətdə qeyd olunub ki, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl edilməməsi, sutkanın qaranlıq vaxtı əlvan geyimlərə, üzərində işıqqaytarıcı elementlər olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır.
"Bununla yanaşı, bir sıra hallarda yol infrastrukturunun piyadayönümlü olmaması, bəzi küçələrin işıqlandırılmaması, yağmurlu havalarda səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud intizamsız sürücülərin məsuliyyətsiz davranışları da piyadalar üçün ciddi çətinliklər yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində öz həyat və sağlamlıqlarına qarşı daha da diqqətli olmağa, sadalanan xüsusatları nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır", - müraciətdə bildirilib.
Oxşar xəbərlər
Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək - Dəqiq tarix açıqlandı
9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək. BAKU.WS xəbər verir...