“Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!” - Hacı Şahin

02
okt
2019
11:16
İlahiyyatçı Hacı Şahin Həsənli dinin praktiki tətbiqi və bu istiqamətdə edilən səhv yanaşmalarla bağlı məqalə yazıb.BAKU.WS həmin məqaləni olduğu kimi təqdim edir:“Realizm, praqmatizm kimi anlayışların dinlə uzlaşmadığını düşünənlər kökündən yanılırlar. Bu yanlış düşüncənin formalaşmasında inanclıların da rolu az deyil. Din, mücərrəd dəyərlər məcmüəsi müstəvisindən praktiki müstəviyə keçməlidir. Bununla biz dəyərləri inkar etmirik, əksinə onların mənimsənilməsinə yardım göstəririk. Düşünürəm ki, günümüzdə ən önəmli mövzulardan biridir. Dinin əsas davası reallıq hissinin itirilməsinin qarşısını almaqdan ibarətdir.Peyğəmbərimizin (s) məşhur duasında deyildiyi kimi: “Allahım, hər şeyi mənə olduğu kimi göstər”.Amma din adamı reallıq hissini itirmiş, konspiroloji nəzəriyyələrə maraq göstərən, heç kimə lazım olmayan “dəyərlərə” yorucu şəkildə insanları dəvət edən, həmişə hər şeydən narazı olan, deyingən bir varlıq stereotipinə çevrilib. Olduqca təhlükəli bir tendensiyadır.Tarixin gedişatı göstərir ki, din böyükləri ən böyük praqmatiklər olublar. Günümüzdə də din öz praktiki önəmini göstərməlidir. İnsanlar nəsihətdən, dindarların əxlaq polisi funksiyasını yerinə yetirməsindən yorulub. Bir daha vurğulayıram əxlaqın da, mənəviyyatın da cəzbedici olmasının yeganə yolu, bunların praktiki əhəmiyyətinin çatdırılmasındadır.Hər şeyi inkar etməklə kifayətlənməyib, örnək təqdim etmək zamanıdır. Dinin cazibəsi təkcə nəzəriyyəsinin gücündə deyil, uğurlu, pozitiv, hadisələri düzgün qiymətləndirməyi bacaran insanların sayının inanclılar arasında artmasındadır. Din uğursuz, biçarə insanların sığındığı bir çətir deyil, insanlara güc, qüdrət, hərtərəfli uğur gətirən bir enerji mənbəyidir.Heç kimə imkan verilməməlidir ki, din vasitəsilə öz bacarıqsızlıq və mədəniyyətsizliyini kompensasiya etsin. İnsanın imanının meyarı onun nizam-intizamı, dürüstlüyü, intellekti, mədəniyyəti və real uğur göstəriciləridir.Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!”
Oxşar xəbərlər
Əli Həsənov: “Əli Kərimli, reallıq hissini itirmə!”
"Özlərini hakimiyyətə “opponent” hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan ay...
