Bu gün Xoşbəxt Yusifzadənin doğum günüdür

Bu gün Xoşbəxt Yusifzadənin doğum günüdür
Sosial 18

Bu gün neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin doğum günüdür.

BAKU.WS xəbər verir ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.

O, 1947-ci ildə orta məktəbi bitirib və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub.

İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” idarəsində başlayıb, sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Xəzərdənizneft” Birliyində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə X.Yusifzadə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti təyin edilib. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən çox neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf olunub və istismara daxil edilib.

Məşhur neftçi-alimin xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, “Kəpəz”, “Bahar”, iri “Abşeron” kimi məşhur yataqların, eləcə də 2010-cu ildə SOCAR-ın öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olub.

Ümumiyyətlə, X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə verib. Geologiya-mineralogiya elmləri doktoru Xoşbəxt Yusifzadə bu sahədə elmi konsepsiyanın hazırlanmasına görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na, Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı”na layiq görülüb.

Dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UNCOPA” təşkilatının “Avropa xidmət” ordeni ilə təltif edilib. O, SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenlərinə, iki dəfə Dövlət mükafatına layiq görülüb. Müstəqillik illərində isə əməyi “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək”, “Heydər Əliyev” ordenləri və Heydər Əliyev Mükafatı ilə, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə qiymətləndirilib.

Xoşbəxt Yusifzadə 2015 Avropa Oyunlarının məşəlçilərindən biri olub.

Son xəbərlər