Beşuşaqlı ailə acınacaqlı durumda: "Barmağına bir aparat bağlayıb üçüncü qrup əlillik verdilər"
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kürçülü kənd sakini Nabat Quliyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək həyat yoldaşı Elnur Quliyevin əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün kömək istəyib.
Onun sözlərinə görə, ailədə gəlir gətirən yeganə şəxs Elnur Quliyevdir və mövcud vəziyyət beşuşaqlı ailəni maddi baxımdan çətin duruma salıb:
"Yoldaşım ürək çatışmazlığından əziyyət çəkir. Ona 27-28 faiz ürək fəaliyyəti diaqnozu ilə üçüncü qrup əlillik veriblər. Xəstəxanada da müalicə alıb, müayinələrdən keçib. Amma əlillik şöbəsi ikinci, birinci qrup vermir. Tələbim odur ki, vəziyyəti yenidən araşdırılsın və qanunla ona düşən birinci qrup əlillik təyin edilsin. Xəstəxananın rəyi də göstərir ki, birinci qrupa uyğundur. Əlillik şöbəsində isə sadəcə barmağına bir aparat bağlamaqla üçüncü qrup şamil olunub.
Ailəmiz yeddi nəfərdən ibarətdir. Gəlirimiz cəmi 664 manat sosial yardım və yoldaşımın 378 manat maaşıdır. Bu məbləğ nə onun dərman xərclərinə, nə də uşaqların təhsilinə yetir. Noyabr ayından bizi dəfələrlə çağırıb yola saldılar, sonda isə yenə üçüncü qrup əlilliklə kifayətləndilər".
Məsələ ilə bağlı MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş göndəriş əsasında Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə aparılıb:
"Əlillik hüququnun operativ qiymətləndirilməsi məqsədilə vətəndaş komissiyaya dəvət edilib, tibbi sənədlərinə baxılıb. Komissiya tərəfindən Elnur Quliyevə 27 noyabr 2025-ci il tarixindən etibarən ümumi xəstəlik səbəbindən orqanizm funksiyalarının 40 faiz pozulması ilə əlaqədar bir il müddətinə üçüncü qrup əlillik təyin edilməsi barədə qərar qəbul olunub.
Elnur Quliyev komissiya qərarının yenidən araşdırılması ilə bağlı müraciəti əsasında 28 yanvar 2026-cı il tarixində təkrar komissiyaya dəvət olunaraq əyani müayinədən keçirilib. Bu zaman onun xəstəlik vəziyyətinin hazırkı mərhələdə orqanizmin funksiyalarının pozulma faizinin artırılmasına əsas vermədiyi müəyyən edilib".
Oxşar xəbərlər
Minlərlə manat ödəndi, sənəd verilmədi - MTK ilə sakinlər üz-üzə
Xırdalan şəhəri, "Abşeron City" Mənzil-Tikinti Kooperativinin yaşayış kompleksində yaşayan sakinlər bildirirlər ki, illər əvvəl yüksək məbləğdə pul ödəyərək ev...