Bayram günlərində infarkta aparan BEŞ ADDIM

Bayram günlərində infarkta aparan BEŞ ADDIM
Sosial 99

Medical Xpress: bayramlarda infarkt riskini artıran beş amil var

Bayram günlərində spirtli içkilərin qəbulu, yağlı və duzlu qidaların həddindən artıq istehlakı, stress, fiziki hərəkətsizlik və dərmanların vaxtında qəbul edilməməsi infarkt riskini artıra bilər.

BAKU.WS-in məlumatına görə, bu barədə kardioloq, ABŞ Kardiologiya Assosiasiyasının Havay adaları üzrə idarə heyətinin prezidenti Maykl Tanue "Medical Xpress" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "British Medical Journal"da dərc olunan araşdırma qış bayramları dövründə ürək tutmalarının sayının 15 faiz artdığını göstərib. Araşdırmaya əsasən, infarkt hallarının ən çox qeydə alındığı vaxt isə axşam saat 22:00-dır.

Kardioloq qeyd edib ki, bayram günlərində infarkt hallarının artmasının əsas səbəblərindən biri təhlükəli əlamətlərin gözardı edilməsidir:

"Bir çox insan ailə görüşlərini və istirahəti pozmamaq üçün həkimə müraciəti təxirə salır, halbuki vaxtında göstərilən tibbi yardım həyat xilas edə bilər.

Bayram dövründə güclü stress də əsas risk amillərindən biridir. Emosional gərginlik, maliyyə narahatlıqları, yorucu səfərlər və ailədaxili münaqişələr ürək-damar sisteminə əlavə yük yaradır.

Həddindən artıq yemək və alkoqoldan sui-istifadə də infarkt riskini artırır. Bayram süfrələrində yağlı və duzlu qidalara üstünlük verilməsi, spirtli içkilərin normadan artıq qəbulu arterial təzyiqin yüksəlməsinə və ürəyin fəaliyyətinin pisləşməsinə səbəb ola bilər.

Bundan əlavə, fiziki aktivliyin azalması və təyin edilmiş dərmanların qəbulunun unudulması da təhlükəli hesab olunur. Xüsusilə xroniki ürək xəstəlikləri və diabeti olan şəxslər üçün bu hallar ciddi fəsadlar yarada bilər".

Mütəxəssis vurğulayıb ki, infarkt və ya insultun ilk əlamətləri zamanı dərhal həkimə müraciət etmək insanın özünə və yaxınlarına verə biləcəyi ən dəyərli hədiyyədir.

Son xəbərlər