Bakının bu küçələrində piyadaların girişi də qadağan olundu - SİYAHI
"İyunun 14-ü gecə saatlarından başlayaraq paytaxt Bakıda bir sıra mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə qoyulan tam məhdudiyyət piyadalara da şamil edilir. Həmin ərazilər artıq qapalı ərazilərdir”.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, həmin ərazilərə ancaq yarışlara baxmaq üçün bileti olanlar və ərazidə yaşayan vətəndaşlar daxil ola bilərlər: "Bu hissələr Bakı Şəhər Halqasına aid olan ərazilərdir və ciddi mühafizə edilir. Hərəkəti məhdudlaşdırmaq üçün həmin əraziyə beton dirəklər də qoyulub”. Vaqif Əsədov onu da bildirdi ki, Dənizkənarı Milli Parka giriş ayın 21-də bərpa ediləcək. Bakı Şəhər Halqasının bir müddət əvvəl yaydığı məlumata görə, "Formula-1” Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinin dayandırılacağı bildirilib.
Hazırlanan plana əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.
"Formula-1” Şəhərciyinin olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 00:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-si günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-sı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.
Qeyd edək ki, nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və ona yaxınlığında yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunub. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola bilərlər.
Məlumat üçün bildirək ki, 1-ci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2 və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunub.
1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 24:00-dan 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə Azadlıq prospekti tərəfdən olacaq. (ANS Press)
BAKU.WS
Oxşar xəbərlər
Diqqət- Bakının yolları bağlandı
Bu gecədən etibarən paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamətləri dəyişdirilib. Bu barəd...