Bakıda insanları zəhərləyən sex aşkarlandı - FOTO

Bakıda insanları zəhərləyən sex aşkarlandı - FOTO
Sosial 658

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları daxil olan şikayət əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri şosesində fəaliyyət göstərən fiziki şəxs Qurbanov Şamil Əbdülrəhim oğluna məxsus limonad məhsullarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə, eləcə də istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən edilib. Məlum olub ki, burada istehsal məqsədilə istifadə edilən su filtrləri mütəmadi olaraq təmizlənmir və dövri laborator müayinədən keçirilmir.

Beləliklə, müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda içkilərin istehsalı zamanı istifadə olunan aromatların açıq vəziyyətdə istismar üçün yararsız olan qablarda saxlanıldığı, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəraitdə yuyulduğu aşkarlanıb.

Bundan əlavə, sexdə etiketlənməmiş və üzərində istehsal tarixi göstərilməyən limonad məhsulları, qablaşdırmada istifadə olunan plastik butulka və qapaqların steril olunmadığı, təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı aşkar edilib.

İstehsal olunmuş alkoqolsuz içkilərdən müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Son xəbərlər