Bakıda insanlara qurulan "ölüm tələsi" - Vətəndaşları kimlər narazı salır?
Bakının Binəqədi rayonunda uzun müddətdir ki, vətəndaşların həyatı təhlükə altındadır.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Qeyd edilir ki, artıq 2 aya yaxındır ki, Binəqədi rayonu ərazisində, Beynəlxalq Avtovağzala gedən yolda, Biləcərinin girişində piyada səkisi qazılır. İşlər avtobus dayanacağına yaxın yerdə aparılır.
Bununla da, piyadaların hərəkəti məhdudlaşdırılıb. Vətəndaşlar məcbur olub avtomobil yolununa çıxırlar. Beləliklə də, qəzaların yaranmasına zəmin yaranır.
"Neçə dəfədir burada maşın az qalıb piyadaları vursun. Avtobus dayanacağı və səkidə dayanmaq, hərəkət etmək mümkün deyil. Buna görə də, camaat maşın yoluna çıxmağa məcbur olurlar. Günün qaranlıq saatında isə burada vəziyyət daha acınacaqlı olur", - Cavid Babayev adlı vətəndaş şikayətində bildirib.
Qeyd edək ki, sürücülər də yaranmış vəziyyətdən narazıdırlar. Onlar üçün yolun qazılması təhlükə yaradır.
"Gecə buradan keçmək təhlükəlidir. Getdiyin yolda bir də görürsən piyada məcbur olub yola çıxır. Neçə dəfə buradan keçəndə az qalmışam adam vurum", - Camal adlı sürücü bildirib.
Şikayəti araşdırmaq üçün adıçəkilən əraziyə baş çəkdik. Həqiqətən də, vəziyyət deyildiyi qədər acınacaqlı idi. Yolda qazıntı işləri aparılsa da, heç bir təhlükəsizlik tədbirləri görülməmişdi. Ərazidə nə işıqlandırma vardı, nə qazıntının aparılmasını göstərən nişan və göstərici qoyulmuşdu. Yolda təkcə bir gənc işləyirdi. Həmin şəxsdən işlərin kim tərəfindən aparıldığını soruşduqda bildirdi ki, qazıntı yaxınlıqdakı restoran rəhbərliyinın göstərişi ilə təşçil olunub.
Vətəndaşlar isə görülən işlərdən olduqca narazıdırlar. Onlar üçün qurulan "Ölüm tələsi"nə kimin düşəcəyindən qorxduqları üçün problemin dərhal həll edilməsini istəyirlər.
Ekspertlər də vəziyyətin təhlükəli olduğunu bildirirlər. Tanınmış nəqliyyat eksperti Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, yerindən duran özbaşına istədiyi yeri qaza bilməz.
"Yol hərəkətinin təşili ilə bağlı qaydalarda açıq şəkildə göstərilir ki, yollarda belə işlərin görülməsi nizam-intizam çərçivəsində həyata keçirilməlidir. Əgər hansısa şəxs yolu qazıb, qanunsuz şəkildə iş görürsə, bununla bağlı mütləq tədbir görülməlidir. Əgər cavabdeh qurumlar məsələyə laqeyid yanaşırlarsa, o zaman ortaya ciddi fəsadlar çıxır", - deyə ekspert vurğulayıb.
Elməddin Muradlı onu da əlavə edib ki, mütləq məsələ dövlət qurumları tərəfindən araşdırılmalı və təhlükəli vəziyyət dərhal aradan qaldırılmalıdır:
"Qeyd edilən yolda görülən işlərlə bağlı aidiyyatlı qurumlar dərhal hərəkətə keçməlidir. İş görənlərlə bağlı ciddi tədbirlər görülməlidir. Vətəndaşların rahatlığını pozan, insanların həyatını təhlükə altına atan şəxslər mütləq qanunla cəzalandırılmalıdır. Belə insanlar mütləq məsuliyyətə cəlb edilməlidir.
Yollarda qazıntı-təmir və bərpa işləri mütləq cavabdeh qurumların nəzarəti çərçivəsində həyata keçirilməlidir. Bu zaman da mütləq vətəndaşların təhlükəsizliyi təmin edilməlidir. İnsanların sağlamlığına zərər vura biləcək addımlar atılmamalıdır. Heç kim özbaşına yollarda, səkilərdə iş görə bilməz. Sürücülərin və piyadaların hərəkətinə maneə yaradılmamalıdır".
Problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, məsələ araşdırılacaq.
Ziya SƏCCAD
Qalereya
Oxşar xəbərlər
Yuxunun bədən çəkisinə təsiri - Həkimdən XƏBƏRDARLIQ
Kifayət qədər yuxu insanın bədən çəkisini tənzimləməsində qidalanma və fiziki aktivlik qədər vacib rol oynayır. BAKU.WS xəbər verir ki, bu barədə həkim-ekspert...