Bakıda metro və avtobuslar intensiv rejimə keçəcək - gün ərzində 20 saat
23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən F1 Şəhərciyinə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları bəlli olub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən BAKU.WS-ə verilən məlumata görə, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.
Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Ə.Cavad Küçəsi - Azərbaycan Prospekti - Füzuli Meydanı - Z.Əhmədbəyov Küçəsi - Tbilisi Prospekti - 20 Yanvar Küçəsi - H.Məhərrəmov Küçəsi - Mir Cəlal Küçəsi. Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək.
Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır: N.Nərimanov Metro Stansiyası - 28 May Metro Stansiyası (Salatın Əsgərova küçəsi) - 28 May Metro Stansiyası (Cəfər Cabbarlı küçəsi) - 28 May küçəsi (Səməd Vurğun bağı) - Nizami küçəsi və R.Behbudov Küçəsi (Rəşid Behbudov adına Mahnı Teatrının yanı). Bu avtobus 3 dəqiqəlik intervalla hərəkət edəcək.
Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əloyunları Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (20-ci sahə) - Bakı Su İdmanı Sarayı - Milli Bayraq Meydanı - Bakı İdman Sarayı (Funikulyorun yanı). Bu avtobus 6 dəqiqəli intervalla hərəkət edəcək.
Yarışın keçiriləcəyi məkana metro vasitəsilə gəlmək istəyən bilet sahibləri 28 May, Sahil və İçərişəhər metro stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.
Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və həmçinin piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq Prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.
Qeyd edək ki, iyunun 22-i saat 14:00-dan etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər.
BAKU.WS
Oxşar xəbərlər
"Formula 1"lə əlaqədar maşın saxlamaq qadağan edilən ərazilər
Bakı şəhər sakinlərindən xahiş olunur ki, Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərinin gedişatına maneçilik törətməmək üçün avtomobillərini 1-25 iyun t...