Azərbaycanın olimpiada çempionu xaricə yarışa gedə bilmədi - SƏBƏB + FOTOLAR
15
avq
2018
13:12
Azərbaycanda keçirilən "Məktəblilərarası II robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə I yerin qalibi olan məktəbli Yasin Quliyev yol pulu səbəbindən Meksikada keçirilən beynəlxalq yarışa qatıla bilməyib. Bu barədə Yeniavaz.com saytına onun atası Yalçın Quliyev məlumat verib.Qeyd edək ki, "Məktəblilərarası II robot Olimpiadası" Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir və ölkə əhəmiyyətli yarışdır. İSTƏK liseyinin 10-cu sinif şagirdi olan Yasin Quliyevin hazırladığı robot digərlərindən texnoloji cəhətdən xeyli yüksək olduğundan I yerə layiq görülüb və sertifikata layiq görülüb. Onun hazırladığı robotla uzaqdan uşaq meydançalarını, küçələri təmizləmək mümkündür. Yasinin bu layihəsi 15-18 avqust tarixlərində Meksikada keçiriləcək "First Global" beynəlxalq robot-texnika yarışında nümayiş etdirilməli idi. Lakin dövlət tərəfindən heç bir maddi dəstək göstərilmədiyindən Yasin bu yarışa qatıla bilməyib.
Qəribəsi isə odur ki, Yasin Quliyevin yarışda iştirakı üçün maddi dəstək göstərilməsi xahişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə edilən müraciətə "maliyyə vəsaitinin ayrılması nazirliyin imkanı xaricindədir" cavabı verilib."Oğlum İSTƏK liseyinin 10-cu sinif şagirdidir. Robotu başda Yasin olmaqla 4 şagird hazırlayıb. Yol pulu və digər xərclərə dəstək göstərilməsi xahişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yazılı müraciət edilmişdi. Həmin yarışa dünyanın 160-dan çox ölkəsindən nümayəndələr qatılır. Azərbaycandan başqa heç bir ölkədən uşaqlar yarışmaya öz ciblərinin pulu ilə getmirlər. Nazirliyə müraciətdən sonra uşaqlara cavab gəldi ki, "robotunuzu hazırlayın, gələk baxaq, ondan sonra cavab verək". Gəldilər, baxdılar, bəyəndilər və dedilər ki, "işinizi bəyənirik, bütün xərclərinizi də ödəyəcəyik". Uşaqlar da həvəslənib gecə-gündüz işlədilər, hazırladılar, amma yarışa az qalmış Nazirlikdən yazılı cavab gəldi ki, yol polunuzu verə bilməyəcəyik".
Bundan sonra Yasinin atası oğlunun yol pulunu öz cibindən ödəməyə çalışıb, amma əlavə xərclər də lazım olduğundan bu mümkün olmayıb: "Əvvəl dedilər 1500 dollar, amma sonra dedilər 2500 dollar. Dedim eybi yox, bir yerdən borc-xərc edib uşağı göndərərəm. Sonra dedilər ki, 1000 dollar da əlavə lazım olacaq - Yasinin orada qalması, otel pulu və s. Ona görə razı olmadım. Mən bu uşağın yol pulunu verirəmsə, xərcini çəkirəmsə, heç olmasa otel pulunu dövlət versin də. Nazirlik heç olmasa 1000 dollar yardım etsəydi, qalanını tapıb özüm ödəyərdim, amma etmədilər. Mənə pis təsir edən budur, axı bu uşaq vətənimizi, Azərbaycanımızı təmsil etmək üçün gedirdi. Lazım oldu-olmadı müxtəlif işlərə milyonlar xərclənir, bəs belə istedadlı gənclərə niyə dəstək vermirlər?".Qeyd edək ki, Yasin gedə bilməsə də, onun şagird yoldaşları öz vəsaitləri hesabına yarışa qatılıblar.BAKU.WS
Oxşar xəbərlər
Avroviziya-2018 mahnı yarışmasının qalibi məlum oldu - VİDEO
İsrail təmsilçisi Netta ifa etdiyi “Toy” mahnıısı ilə “Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.BAKU.WS xəbər verir ki, müsabiqənin şənbə gün...