Azərbaycanın bu şəhərində 100 min nəfərə 1 tualet düşür -1000 nəfərə, 1 unitaz

Azərbaycanın bu şəhərində 100 min nəfərə 1 tualet düşür -1000 nəfərə, 1 unitaz
Sosial 5401

Tualetin olmaması kimi xoşagəlməz bir məsələ Sumqayıtda özünü  daha qabarıq şəkildə göstərir. Bu gün Sumqayıt şəhərində tualet problemi qabarıq şəkildə qalmaqdadır. Sumqamyıtda  ictimai tualetlər  pullu olmalarına rəğmən, əhalinin sayına tərs-mütənasibdir. İnsanların gur olduğu mərkəzi yerlərdə, məsələn, Nizami meydanı ətrafında, Azərbaycan prospektində   ictimai  tualet yoxdur.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, 400 minə yaxın əhalisi olan, ölkənin ikinci şəhərində cəmi-cümlətanı 3-4 ayaqyolunun olmasından həm yerli sakinlər, həm də şəhərə gələn qonaqlar əziyyət çəkir.

Əhalinin sıx olduğu mərkəzi yerlərdə isə - Avtovağzalı saymasaq - heç bir ayaqyolu yoxdur. Mikrorayonlarda  da həmçinin ictimai tualet yoxdur.

Təsəvvür edin ki, Sumqayıt bulvarının ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr, "Nəsimi" adına Mədəniyyət və istirahət Parkının isə sahəsi  80 hektardır. Və 200 hektara  qədər  böyük ərazidə cəmi   2 ayaqyolu var. Təzə inşa olunan Sumqayıt Bulvarında isə  istirahət obyektləri, attraksionlar, ticarət obyektləri, uşaqlar üçün əyləncə mərkəzləri, idman infrastrukturu, kafelər, çayxanalar, restoranların inşa olunmasına baxmayaraq, ayaqyolu tikmək "yaddan” çıxıb. Belə çıxır,  təcili tualetə getmək istəyən  bulvarın bir başından  o biri başına 2-3 km qaçmalıdır.

Böyük şəhərdə 3-4 dənə ictimai ayaqyolunun olması isə yox kimi şeydir, çünki tələbatı ödəyə bilməz. Bəlkə də şəhər sakinləri bu  problemi dilə gətirməyə utanırlar, ancaq şəhərimizin qonağı olmuş istənilən bir şəxs bu problemi qabardır və bizlərə irad tutur.

Kimsə deyə bilər ki, bəs şəhərdəki çoxsaylı şadlıq evlərində, restoranlarda, kafelərdə, çayxanalarda  ayaqyolular var və ora "müraciət” etmək olar. Düzdür, bu belədir, amma onların çoxu  ancaq həmin məkanların müştəriləri üçün açıqdır və çox zaman  elə yerlərdə  ayaqyoluların qapıları bağlı olur, açarları da  işçilər müştərilər üçün özlərində saxlayır. Üstəlik, həm bir çoxları, ələlxüsus qadınlar belə yerlərə müraciət etməyə utanırlar, həm də kənar adamlara ümumiyyətlə açar verilmir.

Güc-bəla ilə "tapdığımız "binəva  turistlər də gəzməli yer axtarmaq əvəzinə bir də görürsən tualet axtarışına çıxırlar. Əslində mövzudan danışmaqdan  yox, tualetlərin olmamağından utanmaq lazımdır. Təbii ehtiyaclarını ödəmək istəyən yerli sakinlər və Sumqayıta gələn qonaqlar şəhərdə tualet axara-axtara qalırlar.

Sumqayıtda bu sarıdan vəziyyət kəndləri, rayonları xatırladır. Rayonların da çoxunda avtovağzallarda adətən bir ayaqyolu olur, onun içərisi  adətən olduqca bərbad, antisanitariya vəziyyətində olur, üfunət qoxusu baş çatladır.

Necə deyərlər ,əcnəbi göydə balonlarla gəzir, biz hələ ayaqyolu problem yaşayırıq. Ayaqyolu mədəniyyətinə nəinki ölkənin mədəniyyəti ölçülür, ayaqyoluların çox olması, həm də iqtisadi cəhətdən inkişafın göstəricisidir. Heç bir inkişaf etmiş normal ölkələrdə ayaqyolu problem yoxdur, hər addımbaşında var.

Heç İcra Hakimiyyətinin özü  bu məsələni həll etməyə də bilər, sadəcə hər şeydən pul çıxarmağı bacaran iş adamlarında maraq oyatsalar, tez bir zamanda 20-40 qəpiklik ayaqyolular kifayət qədər inşa edilər ki, bundan yerli sakinlər də udar. Hətta Sumqayıtda yeraltı ayaqyolu da inşa etmək olar.

Sumqayıtda parklarda, bulvarda  istirahət edənlərin əksər hissinin yaşlı nəslin nümayəndələri-pensiyaçılar  və uşaqlar  olduğundan onların ayaqyoluna daha çox ehtiyacı var.

Şəhərə milyonlarla manat pul ayrılır və şəhərdə insanların gur olduğu yerlərdə, parklarda, küçələrdə tualetlərin açılması heç də çətin məsələ deyil. Şəhər sakinləri arasında sorğu keçirərək də yerlər müəyyənləşdirilə bilər. Müəyyən etmək olar ki, neçə tualet lazımdır və haralarda. Təbii ki, bunun etmək üçün birinci yerli  məmurlarda gərək istək olsun. Mən başa düşürürəm, ola bilsin, məmurlar heç şəhəri adi adam kimi gəzmirlər və bu problem onlara yaddır, bunu vacib saymaya bilərlər, ancaq bir dəfə başlarına gəlsə, "başmaqçı”  olarlar, bəlkə də əncam çəkərlər.

Sürətlə Avropaya inteqrasiya etdiyimiz bir zamanda biz hələ də ictimai ayaqyolu problemi yaşayırıq. Necə olur ki, şəhərin dörd bir yanında park salır, ancaq bir "WC” tikilmir?

Tikinti normalarına, standartlara görə ictimai ayaqyolularda 1000 nəfərə bir – unitaz düşmək hesabı  və hər 500-700 metrdən bir aralı tikilməlidir. Ancaq  bir başdan-digər başa uzununa 6,5 km olan Sumqayıtda bu qətiyyən nəzərə alınmayıb.

Ümid edirəm, bu çətin olmayan problem şəhər rəhbərliyi tərəfindən həll olunacaq və  Sumqayıtda avtomatik, daşınar (səyyar) və ya daşınmaz (stasionar)ictimai ayaqyolular inşa olunacaq, camaat da bu problemdən qurtulacaq.

BAKU.WS

Oxşar xəbərlər

Parisdə bu səbəbə görə ictimai nəqliyyat pulsuz oldu

Parisdə bu səbəbə görə ictimai nəqliyyat pulsuz oldu

Sevgililər şəhəri Paris ekoloji təhlükə ilə üz-üzədir. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, romantik insanların şəhərində havanın çirklənmə səviyy...

1295 Şou-biznes 15:47 09 dekabr 2016

Son xəbərlər