AZPROMO: Sənaye zonalarına 5 milyard dollardan çox investisiya qoyulub
İndiyə qədər Azərbaycandakı sənaye zonalarına 5 milyard ABŞ dollarından çox investisiya cəlb olunub, 20 mindən artıq yeni iş yeri açılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantılarıı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, sənaye zonaları 1 700 hektardan çox ərazini əhatə edir, onların rezidentləri 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilib, həmçinin idxal olunan avadanlıq və texnikaya görə ƏDV və gömrük rüsumları ödəmirlər.
Bundan başqa, Y.Abdullayev deyib ki, Bakının Qaradağ rayonunda yaradılmış Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Limanının və əsas beynəlxalq nəqliyyat dəhlizlərinin yaxınlığında - strateji mövqedə yerləşir: "Zona beynəlxalq qabaqcıl təcrübələrə əsaslanan rəqabətqabiliyyətli biznes mühiti təqdim etməklə ixracyönümlü sənaye sahələrinin inkişafına, yüksək texnologiyalı istehsala və innovativ layihələrin cəlb edilməsinə xidmət edir. Burada mənfəətin sərbəst repatriasiyası, 100 % xarici mülkiyyət hüququ, əqli mülkiyyətin etibarlı qorunması və xüsusi tənzimləyici-hüquqi baza investorlar üçün əlavə üstünlüklər yaradır".
Onun sözlərinə görə, Azərbaycan hökuməti investisiyaların təşviqi üçün islahatları genişləndirir: "Hökumət investorlar üçün əlverişli biznes mühiti formalaşdırılması istiqamətində hərtərəfli islahatları davam etdirir. Bu islahatlar biznesə başlama prosedurlarının sadələşdirilməsini, vergi və gömrük sistemlərinin rəqəmsallaşdırılmasını, investor hüquqlarının, o cümlədən azlıq təşkil edən investorların müdafiəsinin gücləndirilməsini, lisenziyalaşdırma prosesinin optimallaşdırılmasını və elektron hökumət xidmətlərinin genişləndirilməsini əhatə edir. Üstəlik Azərbaycan kapitalın sərbəst hərəkəti, mənfəətin tam repatriasiyası və yerli-xarici investorlar üçün bərabər hüquqların təmin edildiyi açıq və liberal investisiya rejimi təklif edir. İnvestisiya təşviqi sənədi əldə etmiş sahibkarlar 7 il mənfəət (gəlir) vergisinin 50 %-i üzrə güzəştdən, həmçinin əmlak, torpaq vergiləri və ƏDV-dən azadolma imkanlarından yararlanırlar".
Y.Abdullayev əlavə edib ki, Zəngəzur dəhlizi Azərbaycanın logistika mərkəzi kimi rolunu gücləndirəcək: "Logistika və anbar təsərrüfatı Azərbaycanda investisiya üçün ən perspektivli istiqamətlərdən biri hesab olunur. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkə əsas beynəlxalq ticarət marşrutlarını birləşdirən mühüm tranzit və logistika mərkəzi rolunu oynayır. Bu sahədə investisiya imkanları logistika parkları, A sinifli anbarlar, soyuducu saxlama kompleksləri, paylama mərkəzləri, konteyner terminalları, ekspeditor xidmətləri və rəqəmsal logistika platformalarını əhatə edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkənin tranzit potensialını artıracaq mühüm amillərdən biri kimi qiymətləndirilir".
Oxşar xəbərlər
Aksizli mallar üzrə ilin əvvəlindən gömrükdə 1072 hüquqpozma müəyyən edilib
Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 2026-cı il yanvarın 1-dən bu günədək həyata keçirilən tədbirlər nəticəsində 10...