Azərbaycanda gənclər arasında ölüm halları niyə ARTIB? – KARDİOLOQDAN XƏBƏRDARLIQ
Son bir ildə Azərbaycanda infarkt səbəbilə ölüm hallarında gənclər arasında riskin artdığı müşahidə olunur. Xüsusilə məktəblilər və tələbələr arasında ürək-damar problemləri ilə bağlı müraciətlərin çoxalması diqqət çəkir.
Kardioloq doktor Emil Hasilov BAKU.WS-ə açıqlamasında bildirib ki, son dövrlərdə 30-40 yaş arası şəxslər arasında ürək-damar xəstəlikləri ilə bağlı müraciətlərdə ciddi artım qeydə alınır. Onun sözlərinə görə, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırılan gənc pasiyentlərin sayı da çoxalıb.
Həkim bu artımı bir neçə amillə izah edir. Bunlara COVID-19 pandemiyasının fəsadları, pandemiya dövründə və sonrasında artan stress, zərərli vərdişlərə meylin güclənməsi, energetik içkilərin həddindən artıq qəbulu, fiziki aktivliyin azalması və sosial faktorlar daxildir. Xüsusilə texnologiyanın inkişafı fonunda gənclərin daha çox virtual mühitdə vaxt keçirməsi onların hərəkətsiz həyat tərzinə sürüklənməsinə səbəb olur.
"Artıq 20-30 yaşlarında piylənmə, şəkərli diabet və arterial hipertenziyadan əziyyət çəkən onlarla gənc müraciət edir. Təəssüf ki, onların əksəriyyəti təyin olunan müalicə və tövsiyələrə əməl etmir", – deyə həkim qeyd edib.
Onun sözlərinə görə, xolesterin mübadiləsinin pozulması, artıq çəki, az hərəkətli həyat tərzi və yanaşı xəstəliklər gənclərdə miokard infarktı, ürək çatışmazlığı və beyin-damar hadisələri riskini artırır. Bu isə ölüm hallarının artmasına səbəb olur.
Kardioloq gənclərə müraciət edərək sağlam həyat tərzinə üstünlük verməyi tövsiyə edib:
"Çəkinizi nəzarətdə saxlayın, arterial təzyiqinizi mütəmadi ölçdürün və hər hansı problem olduqda gecikmədən həkimə müraciət edin. Bu, gələcəkdə ciddi fəsadların qarşısını ala bilər".
Həkim yaxın zamanda 35 yaşlı pasiyentin üç koronar damarının tutulması və infarktdan sonra inkişaf edən ağır ürək çatışmazlığı səbəbindən vəfat etdiyini də xatırladaraq, bu kimi halların cəmiyyət üçün ciddi xəbərdarlıq olduğunu vurğulayıb.
Qeyd edək ki, qan dövranı sistemi xəstəliklərindən ölənlərin sayı 2022-ci ildə 34 423, 2023-cü ildə 33 183, 2024-cü ildə isə 33 289 nəfər olub. Azərbaycanda ürək-damar xəstəlikləri bütün ölümlərin təxminən 54–60%-ni təşkil edir. Son məlumatlara görə, Azərbaycan ürək-damar xəstəliklərindən ölüm göstəricisinə görə dünyada ən yüksək ölkələrdən biridir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Tovuzda üç uşaqla bağlı qərar verilib
Tovuz rayonunda valideyn himayəsindən kənarda qalan uşaqlarla bağlı vəziyyət qiymətləndirilib. BAKU.WS xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi açıq...