Azərbaycanda 7 ixtisas üzrə yeni magistr ixtisasları yaradılacaq

“Təhsil Nazirliyi tərəfindən bu il ilk dəfə yeni tipli magistr proqramlarının təsis edilməsi barədə qərar qəbul olunub. İlk olaraq 7 yeni ixtisas sahəsi seçilib. Bu ixtisaslar üzrə yeni magistr ixtisasları və yaxud ixtisaslaşmaları açılacaq”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli bildirib.
Onun sözlərinə görə, bu ixtisaslar keyfiyyətcə yeni ixtisaslardır: “Bunların təxminən beşi ümumiyyətlə ixtisaslaşma təsnifatlaşdırmasına, Azərbaycana yeni gəlib. Bunlar müasir dünyanın axınına, trendinə uyğun tamamilə yeni ixtisaslardır. Bu ixtisaslar Azərbaycan üçün həmin sahələr üzrə mütəxəssislərin hazırlanması baxımından çox vacibdir. Biz hesab elədik ki, bu ixtisaslarla başlasaq, daha yaxşı olar. Bizim bu günə qədər onsuz da magistratura qruplarımız var idi, çoxlu sayda ixtisaslar üzrə magistr hazırlığı aparırdıq. Amma bu ixtisaslarda tamamilə yeni məzmundan istifadə olunacaq. Bu məzmun, demək olar ki, dünya universitetlərinin mövcud kurrikulumlarına, tədris proqramlarına uyğun hazırlanmış magistr proqramları olacaq. Burada söhbət təkcə bu ixtisaslar üzrə biliyin verilməsindən getmir, eyni zamanda verilən biliyin səriştəyə uyğun olmasına önəm verilir".
O bildirib ki, bunlar Bakı Dövlət Universitetində İsrailin Texnologiya İnstitutu ilə birgə işlənib hazırlanmış kompüter elmləri və texnologiyaları ixtisasıdır: “Digər ixtisaslar Azərbaycan İqtisad Universitetində elektron kommersiya ixtisaslaşması, Azərbaycan Dövlət Pedaqoji Universitetində təlim və tədrisin təşkili və metodikası, Memarlıq və İnşaat Universitetində Dayanıqlı şəhərsalma və region planlaşdırması, Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat, Bakı Mühəndislik Universitetində Kibertəhlükəsizlik üzrə ixtisaslardır. Müasir dünyanın yeni trendlərindən olan süni intellekt üzrə ixtisasın isə Neft və Sənaye Universitetində açılması nəzərdə tutulub. Bunlar müasir dünya üçün çox vacib məsələdir. Nəzərə alaq ki, artıq işğaldan azad olunmuş ərazilər bizim üçün tamamilə yeni imkanlar yaradır, bu ixtisaslar bizim üçün həyati əhəmiyyət kəsb edən məsələlərdir”.

Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...