AQTA: Monitorinqlərdə quş qripi xəstəliyinin törədicisi aşkarlanmayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.
AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib.
Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 64 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb.
Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 230 baş, habelə 16 rayonun (şəhər) 152 ailə təsərrüfatından müxtəlif növ 472 baş ev quşundan qan və yaxma nümunələri götürülüb.
Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələrinə, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib.
Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və hər hansı şübhəli hala da rast gəlinməyib.
Oxşar xəbərlər
Həyatını dəyişdirən son uçuş: Hökumə hüquqşünas kimi işə başlayacaqdı
"Hökümə Əliyeva son uçuşunun olduğunu bilirdi. Yeni il bayramlarından dərhal sonra, 2 yanvarda, o, eyni aviakompaniyada, artıq hüquqşünas kimi işləməyə başlamal...
