Abşeronda kəskin qaz qoxusunun səbəbi nədir? - "Azəriqaz"dan açıqlama

Abşeronda kəskin qaz qoxusunun səbəbi nədir? - Azəriqazdan açıqlama
Video
Sosial 98

Abşeron rayonu, "Gənclər Şəhərciyi"nin sakinləri ərazidəki kəskin qaz qoxusundan şikayətçidirlər.

Verilən məlumata əsasən, təhlükəsizlik səbəbi ilə əraziyə qazın verilişi tam dayandırılıb.

Sakinlər problemlə bağlı Baku TV-yə açıqlama veriblər.

"Burada qaz iyindən dayanmaq olmur. Məsələ ilə bağlı aidiyyəti quruma şikayət etsək də, problem həllini tapmayıb", - sakinlərdən biri narazılığını bildirib.

Digər bir vətəndaş isə belə deyib: "Burada yanğın hadisələri çox olub. Çoxdan belə qoxu yox idi. Hazırda isə kəskin şəkildə qaz iyi gəlir".

Mövcud problemlə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, qurumun əməkdaşları məsələ ilə bağlı adıçəkilən ərazidə olublar:

"Əməkdaşlarımızın təftişi nəticəsində məlum olub ki, bizim boru xəttimizə hansısa bir istiqamətdən kanalizasiya suları axıb. Bu isə digər qoxulardan fərqləndiyinə görə qaz iyi kimi qiymətləndirilib. Əməkdaşlarımız bütün sistemi, xətləri yoxladıqdan sonra hansısa bir sızmanın olmaması barədə qənaətə gəliblər. Hazırda ərazidə qazın verilişi normal səviyyədə davam etdirilir".

Sakinlərin mövcud problemi ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd olunub ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:

"İlkin ehtimallara görə sənaye müəssisələrindən kanalizasiya şəbəkəsinə daxil olan bəzi kimyəvi tərkibli tullantılar qoxunun ətrafa yayılmasına səbəb ola bilər. Həmin ərazidən nümunələr götürülüb və laboratoriya analizləri aparılır. Araşdırmalar yekunlaşandan sonra müvafiq tədbirlər görüləcək".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər