SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində Tovuzda baş verən döyüşlərdə şəhid olan general Polad Həşimovun bir vaxtlar yaşadığı binanın əsaslı təmirinə başlanılıb.

BAKU.WS xəbər verir ki, hazırda iki növbəli olmaqla, bir neçə briqada bu işə cəlb olunub.

5 bloklu yaşayış binasının dörd bir tərəfinin üz hissəsi qaşınaraq suvaq işləri aparılır. Dəmir çərçivələr qurulub, yüksək səviyyədə təmir işləri görülür. Dövlət tərəfindən həyata keçirilən işlər sakinlərin ürəyincədir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bir neçə gündür başlanan təmir-bərpa işlərinin qısa zamanda başa çatdırılması üçün lazımi tədbirlər görülüb. Əraziyə tikinti materialları gətirilib.

Əsaslı təmirin yüksək səviyyədə həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Hazırda binanın ön divar hissəsi təmir olunaraq rənglənir. Daha sonra giriş hissələrə müasir qapılar qoyulacaq. Binanın bütün kommunal xətləri yenilənəcək.

Görülən işlər şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılmasının aydın təzahürüdür. Yaşayış binasında həyata keçirilən təmir-bərpa və abadlıq işlərinin qısa müddət ərzində başa çatdırılması planlaşdırılır.

BAKU.WS
VİDEO