SİZİN REKLAM BURADA!
055 213 76 73


Xırdalan şəhərində avtomobil yollarının təmir-tikinti işləri davam etdirilir.

BAKU.WS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, Xırdalan şəhərinin ümumi uzunluğu 5,4 kilometr olan Nizami Gəncəvi, Qalubiyyə, Hacı Zeynalabdin Tağıyev və Səttar Bəhlulzadə küçələrinin təmiri nəzərdə tutulurdu ki, artıq Qalubiyyə küçəsində işlər yekunlaşdırılıb, Nizami Gəncəvi küçəsində isə yekunlaşmaq üzrədir.

Aparılan kompleks tədbirlər çərçivəsində əsaslı təmir olunan Qalubiyyə küçəsinin uzunluğu 1,1 kilometr, təxmini eni 10 metrdir. Təmiri yekunlaşmaq üzrə olan Nizami Gəncəvi küçəsinin uzunluğu 1,6 kilometr, təqribi eni isə 12 metr təşkil edir. Bu küçələr üzrə ümumi asfaltlanan ərazinin sahəsi 12,5 min kvadratmetrdir.

Növbəti mərhələdə 1,5 kilometr uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1,2 kilometrlik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22,5 min kvadratmetrdir.

Hazırda Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektində isə yenidənqurma işləri davam etdirilir. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır. Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zəruri olan yerlərdə yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa, mümkün ərazilərdə yolun hər iki tərəfi 2 metr olmaqla genişləndirilib. Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, asfaltlanması işlərinə başlanılıb. Artıq prospektin 2,5 kilometrlik hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünə qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

BAKU.WS
QALEREYA