Tağı Əhmədova korrupsiya maddəsi ilə iş açıla bilər? - VİDEO

Tağı Əhmədova korrupsiya maddəsi ilə iş açıla bilər? - VİDEO
Video
Sosial 4799

"Baş olan yerdə şəxsi qazanc olur. Gərək başınla işləyəsən. Heç nəyi gizlədib eləmirəm. Xətai stansiyasının böyründə 21 mərtəbəli bina var. Metronun yanında onun gəlib məndən icazəsini alan adama dedim ki, mən bunu işləyib sizə vermək üçün, 21 mərtəbəni yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur".

BAKU.WS xəbər verir ki, bu sözləri Space TV-də yayımlanan "Sadə həqiqətlər" verlişində "Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədov deyib. Verilişin anonsu ilə bağlı görüntülər sosial mediaya yerləşdirildikdən sonra mövzu ətrafında geniş müzakərələr başlayıb.

Sosial şəbəkədə insanlar Tağı Əhmədovun 21 mərtəbəli binanın icazəsini alan adama "haqqı budur" ifadəsini işlətməsini qanunvericiliyin tələblərinə nə qədər cavab verdiyini və, ümumiyyətlə, metro stansiya ətrafında hündürmərtəbəli binaların tikilməsinə icazə verilməsinin təhlüksəzlik baxımından nə qədər doğru olduğunu müzakirə ediblər.

Mövzu ətrafında yaranan suallara cavab tapmaq məqsədilə həm rəsmi qurum, həm də hüquqşünasa müraciət etdik. "Femida" Vəkil Bürosunun vəkili Vamiq Şükürov BAKU.WS-ə bildirib ki, Azərbaycan Respublikasında, o cümlədən Bakı şəhərində hər hansı tikinti işlərinə başlamaq üçün ölkə qanunvericiliyinə əməl etmək lazımdır: “Öncə tikinti qanunvericiliyinə, şəhərsalma və tikinti məcəlləsinə, bu barədə digər qəbul edilmiş qanunlara, Azərbaycan Respublikasının Prezidenti fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına əməl etməklə tikinti işlərini aparmaq olar. Əlbəttə ki, tikinti işləri aparılarkən Fövqəladə Hallar Nazirliyi belə bir səlahiyyətə malikdir. O cümlədən Bakı şəhər İcra Hakimiyyətinin icazə sənədləri tələb olunur. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də müəyyən tikintilərin həyata keçirilməsinə razılıq verir.

Əgər hər hansı bir tikintinin ərazisi yüksəkgərginlikli yeraltı metro keçidlərinin yaxınlığında yerləşirsə və burada tikinti həyata keçiriləcəksə, qeyd olunan qurumlardan əlavə "Bakı Metropoliteni" rəhbərliyi də buna razılıq verməlidir. Çünki "Bakı Metropoliteni" ilə tikintilər arasında müəyyən məsafələrin gözlənilməsi, o cümlədən digər tələb olunan qaydalara əməl olunması da qanunvericiliklə tənzimlənir. Bu baxımdan metropolitenin razılıq verməsi önəmlidir.

Vamiq Şükürov əlavə edib ki, tikintidə razılıqlar hər hansı “haqq” müqabilində verilmir və belə bir “haqq”ın alınması qanunvericlikdə nəzərdə tutulmayıb: “Dövlət orqanlarının razılıqları qanunvericiliyin birmənalı tələbidir və bu tikinti işlərinə görə dövlət rüsumu müəyyən olunmayıb, nəinki digər “haq”lar müəyyən olunsun. Sadəcə olaraq tikinti işlərinin həyata keçirilməsi üçün müəyyən tikinti layihə sənədlərinin tərtib olunması üçün Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumlarına xidmət haqqı ödənilir. Tikinti işləri başa çatdıqdan sonra həmin tikinti üzərində mülkiyyət və ya istifadə hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət reyestrinə müraciət olunur və həmin qurumlar buna görə dövlət rüsumu haqqında qanuna və digər aktlara uyğun olaraq dövlət rüsumu və xidmət haqları alınır.

Əlaqədar təşkilatların razılıq məktublarına görə, ümumiyyətlə xidmət haqqının alınması nəzərdə tutulmamışdır. Bu, korrupsiyaya qarşı mübarizə haqqında qanunun tələblərinə ziddir. Belə bir haqqın alınması sübut olunarsa, hər hansı metro stansiyanın yaxınlığında 21 mərtəbəli binanın tikilməsinə görə hansısa vəzifəli şəxs və ya "Bakı Metropoliteni" rəhbərliyinə haqqın verilməsi faktı müəyyən olunarsa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi faktla əlaqədar cinayət işinə başlamalıdır”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva isə BAKU.WS-ə deyib ki, bütün istismara verilən binalar Fövqəladə Hallar Nazirliyinin nəzarətindədir: “Hər hansı binaya Fövqəladə Hallar Nazirliyinin ekspertləri razılıq vermirsə, bina ekspertizadan keçmirsə, o bina istifadəyə verilə bilməz. Əgər bina standartlara və təhlükəsizlik qaydalarına cavab vermirsə, ekpertizadan müsbət cavab ala bilmirsə, ora insanlar yerləşdirilə bilmir”.

Son xəbərlər