Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə həyata keçirilən tədbirlərlə bağlı məlumat yayıb.

AQTA-dan BAKU.WS-ə daxil olan məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çxattisqarx, Slovakiyanın Nitryansk və Trnavsk, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Kursk vilayətində isə Nyukasl xəstəliyi müəyyən edilmişdir.

Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi və Nyukasl xəstəlikləri qeydə alındığı bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə yuxarıda qeyd olunan ərazilərdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BAKU.WS