SİZİN REKLAM BURADA!
055 213 76 73


Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı Müşviqabad qəsəbəsində ağacəkmə kampaniyası keçirilib. 

BAKU.WS xəbər verir ki, ağacəkmə aksiyasına ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri qatılaraq ağac əkiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov aksiya ilə bağlı deyib ki, avtomobil yolu kənarında yerləşən 5 hektar ərazidə 5 mindən çox ağac əkilib: "Bu gün burada 1000-ə yaxın insan ağacəkmədə iştirak edir. Əsasən zeytun, badam meyvə ağacları əkilib. Bakı və ətrafı rayonlarda təşkilatlar tərəfindən 50 mindən çox ağac əkilməsi gözlənilir. Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir". 

Tədbirə qatılan Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov vurğulayıb ki, bu günü Azərbaycanın ekologiya tarixində xüsusi gün adlandırmaq olar: "Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bu, miqyas etibarilə çox böyük aksiyadır. Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın təşəbbüsünü böyük əhval-ruhiyyə ilə qarşılayıblar. Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşqu ilə yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq. Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimiz gözəlləşir. Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir".

Milli Məclisin sədr müavini Bahar Muradova da hesab edir ki, aksiya olduqca önəmli təşəbbüsdür, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir: "Azərbaycanın ən müxtəlif regionlarında bütün insanlar çox böyük həvəslə ağacəkmə aksiyasına qoşulublar. Bu, özü-özlüyündə torpağımızın yaşıllaşması və gözəlləşməsinə, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir. Bir az dərindən diqqət yetirsək, bu, insanların birliyinə, vətəndaş birliyinə və dövlətə, xalqa və millətə onun maraqlarına olan münasibətidir".

Aksiya iştirakçıları arasında Əməkdar artist Bəhram Bağırzadə də olub. O, aksiyaya böyük önəm verdiyi və ağac əkməyin faydalarından danışıb: "Allah hər kəsə uzun ömür versin və öz yaşına uyğun 50-100 ağac əksinlər. Çox müsbət bir təşəbbüsdür və ölkə vətəndaşı olaraq iştirakımı özümə borc bilirəm".

Orxan Hüseyn
BAKU.WS
VİDEO

QALEREYA