Baş nazirinin müavini Abid Şərifov Binəqədi Rayon İcra Hakimiyyətində Azadlıq prospekti, 200/36 saylı binanın bir qrup sakinini qəbul edib.
 
BAKU.WS-in məlumatına görə, qəbulda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyev, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin məsul əməkdaşları iştirak ediblər.

Qəbulda zərər çəkmiş 10 avtomobil sahibi, ziyan dəymiş 4 qeyri-yaşayış sahəsinin sahibi və müxtəlif məsələrlə bağlı 7 ailə dinlənilib.
Hadisə zamanı zərər çəkmiş 10 avtomobil sahibinin hər birinə ekspertiza tərəfindən müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncam Layihəsi hazırlandığı və bu məsələnin yaxın günlərdə həll ediləcəyi barədə məlumat verilib, ziyan çəkmiş şəxslər görülən tədbirdən razı qaldıqlarını bildiriblər.

Binadakı qeyri-yaşayış sahələrinin sahiblərinə müvafiq izahat verilib və onlara bildirilib ki, həmin sahələr yüksək səviyyədə təmir olunaraq sahiblərinin ixtiyarına veriləcək.

Sakinləri narahat edən digər sullar və mübahisə doğuran məsələlərlə əlaqədar hər bir sakin dinlənilib və onların hər birinə qənaətedici cavab verilib. Sonda qəbulda iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirin müavini Abid Şərifovun şəxsində Dövlət komissiyasına minnətdarlıqlarını bildiriblər.
 
Eyni zamanda mənzillərdə təmir yüksək səviyyədə aparıldığı bildirilib və sentyabr ayının sonunadək mənzillərin təmiri tam yekunlaşaraq sakinlərin ixtiyarına veriləcək.
 
ŞAHİN Həbibov
BAKU.WS