Bu ölkədə 5 ayda 9100 meymunçiçəyi virusuna yoluxma qeydə alınıb

Bu ölkədə 5 ayda 9100 meymunçiçəyi virusuna yoluxma qeydə alınıb
Dünya 44

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu vilayətində ilin əvvəlindən bəri 9100 nəfərin meymunçiçəyi (Mpox) virusuna yoluxduğu bildirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Cənubi Kivu vilayət valiliyindən açıqlama verilib. Bildirilib ki, vilayətin bütün 34 səhiyyə bölgəsində virus halları aşkarlanıb.

Açıqlamada qeyd olunub ki, yanvar ayından bu günədək 9100 yoluxma faktı qeydə alınıb, virus səbəbindən 13 nəfər həyatını itirib.

Təkcə bu həftə ərzində 400-dən çox yeni yoluxma halları müşahidə olunub. Virusun yayılma sürətinin artdığına diqqət çəkilərək əhaliyə gigiyena qaydalarına ciddi əməl etmələri tövsiyə edilib.

Meymunçiçəyi virusu əsasən siçan və sincab kimi gəmirici heyvanlardan və ya yoluxmuş şəxslərlə təmas nəticəsində insana keçir.

Virusun yayılma səbəbləri arasında yoluxmuş şəxslərin dərisindəki səpgilərə toxunmaq, həmin səpgilərlə təmasda olmuş paltar, yataq dəsti, dəsmal kimi əşyaların istifadəsi və bədən mayeləri ilə təmas başlıca amillərdir.

İlk simptomlar virusa yoluxduqdan 5–21 gün sonra özünü göstərir. Xəstəlik adətən yüksək qızdırma, baş, bel və əzələ ağrıları, limfa düyünlərində şişkinlik, halsızlıq, üşütmə, titrətmə və dəridə suçiçəyini xatırladan səpgilərlə müşahidə olunur.

Son xəbərlər