VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Təhsil Nazirliyi 2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib.
 
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.

Medala namizədlər Nazirlər Kabinetinin "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na uyğun olaraq müəyyənləşdirilib.

Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə alınıb.

Həmçinin, təhsildə yüksək nəticələr göstərmiş bir qrup məzun Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltifə təqdim olunub.
 
Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri (http://edu.gov.az/upload/file/emr/2015/862-nomreli-emr.pdf)

ŞAHİN Həbibov
BAKU.WS