Boş qalan yerlərə ixtisas seçimi başladı
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanır.
BAKU.WS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadla verdiyi məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 4-dən avqustun 10-dək internet vasitəsilə ixtisas seçimi elan edir.
İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. İmtahan nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.
Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasları TQDK tərəfindən yaradılmış müvafiq Qeydiyyat Komissiyasında mayın 20-dən iyunun 2-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər.
"Xanəndəlik”, "Vokal sənəti”, "Dizayn”, "Təsviri incəsənət müəllimliyi”, "Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması”, "Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi”, "Dekorativ tətbiqi incəsənət və xalq sənəti”, "Bədii yaradıcılıq işi” ixtisaslarını iyulun 7-dən 11-dək keçirilmiş seçmə tur zamanı müvafiq yoxlamadan "məqbul” almış abituriyentlər seçə bilərlər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda kütləvi dava: ölən və yaralananlar var
Gəncədə kütləvi dava olub. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb. Bir neçə nəfərdən ibarət...