“Məni vertolyotdan Məmmədov Əsədov düşürtdü” (Müsahibə)

“Məni vertolyotdan Məmmədov Əsədov düşürtdü” (Müsahibə)
Sosial 1873
SADİR MƏMMƏDOV: “TƏVƏQQE EDİRƏM Kİ, BU CÜR CİDDİ HADİSƏLƏRİ YENİ İNFORMASİYAYA MALİK OLMADAN “ÇEVİR TATI-VUR TATI” MƏNTİQİ İLƏ MÜZAKİRƏYƏ ÇIXARMASINLAR”Qarabağ müharibəsinin üzərindən uzun zaman keçməsinə baxmayaraq zaman-zaman televiziyalarda, yazılı və elektron mediada müxtəlif səpgili müzakirələr aparılır. Bu müzakirələr zamanı müxtəlif iddialar belə ortalığa atılır. Ətrafında geniş fikir mübadiləsi aparılan qanlı hadisələrdən biri də 20 noyabr 1991-ci ildə baş vermiş vertolyot qəzasıdır. Bu olayların bilavasitə iştirakçısı olan, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki, hüquq elmləri namizədi Sadir Məhəmmədovla söhbətimizi də bu mövzular ətrafında qurduq.– 11 fevral 1988-ci il tarixdən Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin azərbaycanlılara qarşı haqsız olaraq başladıqları mitinqlərin ilk günündən mən, Xankəndinə ezam olunmuşam. Orada ezamiyyətdə olan zaman Şuşa Rayon Polis şöbəsinə rəis təyin edilmişəm. 1990-cı ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Daxili İşlər İdarəsinin rəis müavini vəzifələrinə təyin edilmişəm. 1992-ci ildə isə DQMV-nin ləğv edilməsi ilə əlaqədar Xankəndini sonuncu olaraq bir azərbaycanlı kimi tərk etmişəm. Odur ki, həmin dövr ərzində orada ermənilər tərəfindən törədilmiş bütün hadisələrin, faciələrin və terror aktlarının şahidiyəm. – Şahidi olduğunuz digər qanlı faciələr deyil, haqqında müxtəlif fikirlər səslənən vertolyot qəzası barədə bu olayın bilavasitə şahidi kimi fikirləriniz maraqlı olardı. Belə deyək, 20 noyabr 1991-ci ildə baş verən vertolyot hadisəsini necə xatırlayırsız?– 18 noyabr 1991-ci il tarixdə Xocavənd rayonunda (Martuni) azərbaycanlıları zorla, silah gücünə yaşadıqları ərazidən çıxarmışdılar. Əhali Ağdam şəhərinə üz tutmuşdu. Vəziyyət çox mürəkkəbləşmişdi, artıq təşkilat komitəsi təsir qüvvəsini itirmişdi. Bundan xəbər tutan respublika rəhbərliyi Ağdama nümayəndə heyətini göndərmək məcburiyyətində idi. Mən isə mərhum baş prokuror İsmət Qayıbovla Xankəndində idim. Çünki vilayət prokuroru mərhum Şükür Rzayev ermənilər tərəfindən girov götürülmüşdü. Mərhumun girovluqdan azad edilməsi üçün çalışırdıq. Xocavənd əhalisinin öz ev-eşiklərindən didərgin düşdüyünü eşidəndən sonra mən Ağdama gəldim. Həmin günün axşamı İsmət Qayıbov da Ağdama gəldi və dedi ki, Bakıya getməliyəm və orada həbsdə olan bir neçə ermənini Şükür Rzayevlə dəyişmək lazımdır. Elə bu vaxt məlum oldu ki, sabah, yəni 20.11.2013-cü il tarixdə Bakıdan nümayəndə heyəti Ağdama gələcək. Ona görə də İsmət Qayıbov Ağdamda gecələməli oldu və qeyd etdi ki, elə həmin nümayəndə heyəti ilə Bakıya qayıdacaq və girov məsələsini həll edəcək. Biz razılaşmışdıq ki, mən də onunla Bakıya gedim və dəyişdirilən erməniləri təyin olunan yerə gətirim. Ertəsi gün, yəni 20 noyabrda səhər saat 11 radələrində təyyarə Ağdamın hava limanına endi və dövlət katibi mərhum Tofiq İsmayılovun başçılığı ilə Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, mərhum Xuraman Abbasovanın xidməti otağına yığıldıq. Tofiq İsmayılov bütün nümayəndə heyəti və təşkilat komitəsinin üzvlərinin müşavirədə iştirak etməsini tələb etdi. O, çox əsəbi halda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) komendatını soruşdu. O, iclasa gecikirdi. Təxminən 15-20 dəqiqədən sonra vilayətin hərbi komendantı Jinkin Nikolay Vladimiroviç, Daxili İşlər İdarəsinin rəisi Kovolyov, Vladimir Vladimiroviç, prokuror Olavski İqor Aleksandroviç və Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç otağa daxil oldu. Mərhum Tofiq İsmayılov çox emosional tərzdə hadisənin necə baş verdiyini, nə üçün vaxtında bunun qarşısının alınmadığını soruşdu. O, gözlənilmədən Jinkini və Koravlyovu ayağa qaldıraraq dedi ki, bütün bu cür vəziyyətin yaranmasına siz şərait yaratmısınız, sizin və digər günahkarlar haqqında ciddi tədbir görüləcəkdir deyə iti-iti onlardan səbəbini soruşurdu. Bu minvalla müşavirə saat 13-ə qədər davam etdi və o, qəflətən üzünü komendant Jinkinə tutaraq “mən bu gün camaatı öz evlərinə qaytarmalıyam, həmin kəndə getməliyik” dedi. “Sizin Pasportunuz varmı?” deyə soruşdu. Jinkin “bəli, bir döyüş vertolyotum var” cavabını verdi. Bir anda mərhum Tofiq İsmayılov əlini masaya vuraraq getdik deyə ayağa qalxdı. Bütün nümayəndə heyəti, onun arxasınca hava limanına yollandı.Artıq vertolyota minik başlandı. Vertolyot səmaya qalxanda artıq saat 13.48 idi. Həmin günü səma çox təmiz idi. Hətta Qarabağın dağ yamacları açıq-aydın görünürdü, Günəş parlaq idi. Biz isə şəhərə qayıtdıq. Saat 16 radələri idi. Mən mərhum Xuraman Abbasova ilə Rayon Partiya Komitəsinin qarşısında dayanmışdıq, elə tez-tez Xuraman xanım soruşurdu ki, bəs vertolyot niyə gəlmir. Elə bu vaxt mənə vilayət hərbi komendantının müavini Kuşnarik Vladimir İqnatyeviçin sürücüsü Vidadi məni kənara çağırdı və dedi ki, Kuşnarik ratsiya ilə hərbi hissəyə məlumat verib ki, polkovnik Sadir Məhəmmədova deyin “bütün təcili yardım maşınlarını Martuni (yəni Mərziliyə) postuna yığsın. Deyəsən, vertolyot vurulub”.Mən dayanmadan həmkarım mərhum Mehman Nəzər oğlu Hüseynovla Ağdam Rayon Polis şöbəsinə gələrək telefonla və teletaypaqramla Bakıya Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə Kərim adlı (hazırda xidmət edir) növbətçiyə məlumat verdim ki, ermənilər nümayəndə heyəti ilə Xocavəndə uçan vertolyotu vurublar, mən hadisə yerinə gedirəm. Təkrar olaraq mən ratsiya ilə Ağsu dolamasındakı növbəti avtomobil müfəttişliyinin postuna da eyni qaydada məlumat verdim. Mən Mehman Hüseynovla Mərzili postuna çatanda artıq qaranlıq idi. Hərbçilər ratsiya vasitəsilə məni Kuşnariklə bağladılar, o dedi ki, heç kim sağ qalmayıb, vertolyot parçalanıb güclü alov var. Mən təkid etdim ki, mütləq hadisə yerinə baxmalıyam. O, göstəriş verdi ki, 2 nəfər əsgər bizim avtomobilə əyləşdi və biz avtomobilin işığı sönülü vəziyyətdə alova tərəf getdik, artıq bir neçə yerdə parça-parça alov yanırdı. Sanki zülmət gecədə bütün dağ yanırdı. Bizi qarşılayan Kuşnarik “onsuz da vertolyota yaxın düşmək mümkün deyil və bir nəfərin da sağ qalmaq ehtimalı yoxdur”, dedi. O dedi ki, mən yoxlamışam və dairəvi post qoymuşam ki, hadisənin ərazisi qorunsun. Həqiqətən də bir neçə yüz metrlikdə istilik adamı yandırırdı. Mən Kuşnariklə razılaşdım ki, o səhərə qədər posta nəzarət etsin və mən Ağdama qayıdım. Artıq Bakıdan istintaq qrupu yola düşmüşdü. Və ratsiya ilə xəbər verdilər ki, Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin sabiq sədri Viktor Petroviç Poljaniçko da gəlir və onu qarşılayın. Mən və mərhum Mehman Hüseynov artıq 21 noyabr səhər saat 4-5 radələrində onu Ağdamın 3 km-də Uzundərə deyilən yerdə qarşılayaraq Ağdam Rayon Polis şöbəsinə gətirdik və rəisin otağında yığışaraq, səhər hadisə yerinə getməyi planlaşdırdıq. Mən faciə yerinə kimlərin gedəcəyini siyahıya aldım. Mənimlə yanaşı Polyaniçko, eləcə də həmin dövrdə DQMV-də fəaliyyət göstərən Vahid İstintaq Əməliyyat Qrupunun rəhbəri Məbut Hüseynov və digərləri də hadisə yerinə getməli idi. Bunlarla yanaşı, AzTV-nin zona müxbiri Allahverdi Əsədov, onun operatoru Tahir, işıqçı Arif Hüseynzadə və digərləri ilə birgə səhər saat 7.30-da biz hadisə yerinə çatdıq. Bizdən bir az sonra Bakıdan göndərilmiş istintaq qrupunun rəhbəri Adil Ağayev və bir neçə nəfər gəldi. Hadisə yerinin müayinəsi zamanı məlum oldu ki, vertolyot qəzasına düşən bir nəfər də nümayəndə heyəti sağ qalmayıb. Mərhumlardan 12 nəfəri tam tanınırdı, 3 nəfər də xüsusi nişanələri ilə müəyyənləşdi, 7 nəfərin cəsədləri vertolyotun kül topalarından götürülərək ekspertiziya üçün tabutlara yerləşdirildi. Mərhumların cənazələri Ağdam məscidinə gətirilərək müsəlman adət-ənənəsinə uyğun şəkildə dəfnə hazırlandı. 22 noyabr 1991-ci il tarixdə respublika daxili işlər naziri mərhum Tofiq Kərimov mənə telefon vasitəsilə dedi ki, artıq Rusiyada generalların ölümü ilə əlaqədar xoşagəlməz söz-söhbətlər, şayiələr yayılıb, ona görə də sən Jinkinin, Kovalyovun və Koçerovun cənazələrini Rusiyaya aparmalısan, dəfndə iştirak etməlisən və 9 gün orada qalıb yaranmış söz-söhbətlərə, şayiələrə son qoymalısan. Mənim üçün Gəncədən AN-24 tipli hərbi təyyarə ayrıldı, mərhumların cənazələrini – Jinkini Minvod şəhərinə, Koçerovu Moskvaya, Kovalyovu isə Nijni-Novqorod şəhərinə gətirdim. Artıq 24.11.1991-ci il tarixdə bu tapşırığı da icra etdim və 25 noyabrda Kovalyovun dəfnində çıxış edərək izah etdim ki, bu faciə ermənilərin yaşayış məntəqəsi olan Qarakənddə erməni terrorçuları tərəfindən törədilib. Doqquz gündən sonra Azərbaycana gəldim və vəziyyət haqqında daxili işlər naziri Tofiq Kərimova məruzə etdim. Əlbəttə, bu cür dəhşətli faciə haqqında bütün xırdalıqlara varsaq, böyük bir roman yazmaq olar. – Bir neçə il qabaq vertolyot qəzasında həlak olan bəzilərinin sağ olması barədə iddia ortaya atılmışdı. Hətta sizin bu vertolyota minməməyiniz barədə də müxtəlif fikirlər səslənirdi... – Düzdür, 1999-cu il qəzada həlak olan Məhəmməd Əsədovun, Zülfi Hacıyevin, Osman Mirzəyevin sağ olduğu, Sevanda bir adada saxlanıldığı iddia edilirdi. Tamerlan Qarayevlə mənim isə vertolyota minmədiyimi bildirirdilər. Qəzada vertolyot parça-parça olmuşdu. 15 meyit açıq-aşkar tanınırdı. Amma eləsi var idi ki, oturduğu yerdə külü qalmışdı. Əlini aparan kimi tökülürdü. Rəhmətlik Məhəmməd Əsədovu qohumu Qüdrət Paşayev tanıdı. Kəmərindən bildi ki, odu. O ki qaldı mənim vertolyota minməməyimə, məsələ belə olub. O vaxt mühasirədə qalan Xocavənd camaatı Ağdama qaçmışdı. Bu məqsədlə komissiya yaranmışdı. Zülfü Hacıyev komissiya sədri, Qurban Namazəliyevlə mən də müaviniydik. Xocavəndliləri yerbəyer eləmək üçün mən bir gün əvvəl uçmalıydım. Vaqif Cəfərov zəng elədi ki, sabah bir yerdə gedək. 22 nəfər dövlət adamı uçduq Ağdama. Müşavirə başladı. Qurtarmamış birinci katibin otağında bir iclas da başladı. Hamı bir-birini ittiham eləyirdi. İsmət Qayıbov, Tofiq İsmayılov ruslara deyirdilər ki, erməni camaatı çıxarır, siz də qarşısını almırsız. Birdən məlum oldu ki, nəinki rayonu alıblar, hətta Əsgəran yolunu da kəsiblər. Maşın yolu da qalmayıb. Tofiq müəllim əlini stola çırpıb ayağa qalxdı: “Getməliyik Xocavəndə”. Mülki vertolyot tapılmadı. Komendant Jenkin dedi ki, baş verənlərdə məni ittiham eləyirsizsə, minin hərbi vertolyota, gedək. Bir onu gördüm ki, hamı qalxdı ayağa. Tamerlan Qarayev nəsə yazırdı. Tamerlanı İsmayılov qoymadı ki, gəlmə, tapşırığını tamamla. Nə tapşırığıydı bilmədim. Hamını vertolyota rəhmətlik Məhəmməd Əsədov yerləşdirirdi. O, yerdə dayanıb bir-bir mərhumları içəri keçməyə işarə edirdi. Mən vertolyota daxil olanda Məhəmməd Əsədov qolumdan tutaraq sən qal, adam çoxdur. Həqiqətən də pilot komandiri Kotov və heyət üzvü Domov deyinirdilər ki, vertolyotun yükü ağır olacaq. Artıq mən arxaya qayıdanda rəhmətlik İsmət müəllim qaça-qaça gəlirdi və dedi ki, Sadir, hara qayıdırsan, gəl görək, mən isə Məhəmməd Əsədovun məni düşürtdüyünü dedim, o isə yaxşı, “qal, tez qayıdacağıq və axşam Bakıya uçarıq” dedi. Bu cür hadisələrdən bəzi media vasitələrində öz reklamını aparan insanlar ehtiyatlı olsun. Əsassız çıxışlardan, proqramlardan çəkinsinlər. – Mediadan söz düşmüşkən zaman-zaman müxtəlif mətbu orqanlarında, telekanallarda 1991-ci il 20 noyabr tarixində törədilən vertolyot qəzası barədə müzakirələr aparılaraq, müxtəlif fikirlər irəli sürülür. Bu qanlı hadisənin bilavasitə iştirakçısı olaraq nə deyə bilərsiz? – Bu yaxınlarda da telekanallardan birində tariximizin ən kədərli və müəmmalı faciəsi olan 20 noyabr 1991-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ermənilər yaşayan Qarakənd kəndi üzərində erməni terrorçuları tərəfindən odlu silahla vurulmuş Mİ-8 № 72 saylı vertolyot hadisəsi müzakirə olunurdu. Qarabağ müharibəsi ilə bağlı baş vermiş bu hadisələrin, bilavasitə iştirakçısı və şahidi kimi sözügedən olaya münasibətimin xüsusi önəm kəsb etdiyini düşünürəm. Zənnimcə, belə bir ciddi məsələ ayrı-ayrı televiziya proqramlarının, mətbu orqanlarının müzakirə obyekti deyil. Bu hadisə hüquqi əsasa söykənən professional hüquqşünas təhsilinin obyekti olmalı, habelə hadisədən 22 il keçməsinə baxmayaraq, mövcud olan müxtəlif versiyalara son qoyulub vahid baxış müəyyənləşdirilməlidir. Fikrimcə, vertolyot faciəsinin kütləvi informasiya vasitələrində qeyri-peşəkar müzakirəsi həlak olanların ruhuna sayğısızlıq, qohum-əqrəbalarının onsuz da yaddan çıxmayan dərdlərinin, qaysaqlamış yaralarının qoparılmasından başqa bir şey deyil. Təəssüf olunası haldır ki, ümumi dövlət və milli əhəmiyyət daşıyan bu hadisəyə həqiqətdən əsla xəbəri olmayan bəzi insanlar özlərinin ağlına gələn qərəzli versiyalarını cəmiyyətə təqdim edirlər. Bu dəhşətli terror aktına belə yanaşmalar mərhumların əzizlərinə çox pis təsir edir. Qarabağ hadisələrinin canlı şahidi kimi, təvəqqe edirəm ki, bu cür ciddi hadisələri yerli-yersiz yeni informasiyaya malik olmadan “çevir tatı-vur tatı” məntiqi ilə müzakirəyə çıxarmasınlar. Bu, həlak olanların ruhuna sayğısızlıqdır. Əgər kütləvi informasiya vasitələri vertolyot hadisəsində həlak olanların unudulmamasına çalışırlarsa, Azərbaycan dövləti qarşısında böyük xidmətləri olmuş həmin şəxsiyyətlər haqqında silsilə verilişlər, yazılar hazırlasalar, daha məqsədəuyğun olar. Aqil LƏTİFOV525-ci qazet

Oxşar xəbərlər

Məşhur Qarabağ qazisi vəfat etdi

Məşhur Qarabağ qazisi vəfat etdi

Bu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib.BAKU.WS xəbər v...

5914 Hadisə 08:55 16 oktyabr 2018

Son xəbərlər