VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın davam edir. Telekanallar qəza və yanğın baş verən özülün havadan görüntülərini çəkməyə müvəffəq olub.

BAKU.WS-in "Yeni Müsavat" saytına istinadən verdiyi məlumata görə, görüntülərdə yanğının davam etdiyi, gəmilərin yüksək təzyiqlər alovun mənbəyinə su vurduğu görünür. Dərin dəniz özülündə baş verən yanğın ekologiyaya da ciddi zərər vurub. "Günəşli” Neft Yatağında baş verən məlum yanğın hadisəsindən sonra şəhərin bəzi hissələrindən qaz sızması qoxusu gəlir.

"Neftçilər”, "Həzi Aslanov” metrostansiyalarının həndəvəri və Dənizkınarı Milli Park bunlara misaldır. "Yeni Müsavat” qəzetinin redaksiyası "Neftçilər” metrostansiyası yaxınlığında yerləşdiyindən son iki gündə bu qoxudan sakinlər xüsusən narahat olublar. Hətta onların arasında bu qoxuya görə halı pisləşən, gözü qızaran, ürəyi bulananlar da olub. Binalara qəza xidmətinin əməkdaşları da gəlib, amma qoxunun səbəbi aydınlaşmayıb.

Axşamlar bəzi sexlərdə iş davam edir və qaz atmosferə buraxılır. Küləyin istiqamətindən asılı olaraq bu qoxunun hər dəfə bir istiqamətə yayılması ehtimallardan sadəcə biridir.

Dediyimiz kimi, ehtimallar çoxdur. Amma əhali bunun daha çox "Günəşli” neft yatağındakı yanğınla bağlı ola biləcəyi versiyası üzərində dayanıb. Musavat.com mövzu ilə bağlı mütəxəssis rəylərinə müraciət edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban musavat.com-a açıqlamasında bildirdi ki, bu məsələnin məlum qəza ilə əlaqəsi yoxdur: "Orda qaz yanmayıb. Neft isə kəskin iyə malik deyil. Məsələn, Abşeronda o qədər kiçik gölməçələr yanıb ki. Bundan nə olub? Bir də ola Bakıdan 100 km uzaq məsafədə, dənizin içində… Mənasız bir şeydir. Sadəcə tüstüyə malikdir, neftin tərkibindəki karbohidrogenlər yanır və bir neçə yüz metr məsafədə hava ilə reaksiyaya girərək həll olur”.

Psixoterapevt Orxan Fərəclidən bəzi insanlarda yaranan bu hissin psixoloji olub-olmamasını soruşduq. Ekspert dedi ki, bu, fərdi halda mümkündür: "Amma bunun kütləvi şəkildə ola biləcəyinə heç ədəbiyyatda da rast gəlməmişəm”.

Ekoloqlar isə deyirlər ki, əslində "Günəşli”də qaz yanır, yananda isə karbon qazı və su əmələ gəlir. Yəni, qaz sızsa belə, orda yanğın var. Hələ də saf halda qaz atmosferə atılmır. Adının çəkilməsini istəməyən ekspertin fikrincə, küləklə həmin hissədən ayrılan qazlar yayıla bilər.
Bundan başqa, son hadisədən sonra atmosfer çirklənməsi baş verdiyi üçün belə bir qoxu yayılmış ola bilər. Bundan başqa, iri qazanxanaların yanında yaşayan şəxslər üçün bu, yanıq qoxusu ilə yaşamaq "spesifik”dir. Ehtimal var ki, mazut ucuz olduğu üçün artıq qazanxanalarda mazutla işləyirlər və yayılan qoxunun bununla da əlaqəsi var.

BAKU.WS