Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə, sürücülərə müraciət edib.

İdarədən BAKU.WS-ə verilən məlumata görə, müraciətdə deyilir ki, yay mövsümünün başa çatması, yeni dərs ilinin başlanmasına iki həftə vaxt qalması, bölgələrdə istirahət edən vətəndaşların Bakıya qayıtması artıq paytaxtın bəzi küçə və prospektlərində hərəkətin intensivliyini artırıb. Bəzən isə sıxlıq və tıxac problemini ortaya çıxarır.

Bunu nəzərə alaraq DYP sürücülərə tövsiyə edir ki, avtomobili qadağan olunmuş ərazilərdə saxlamasınlar:

"Eyni zamanda parkinqlərdə ikinci və üçüncü cərgədə maşın saxlamaq olmaz. Parkinq ərazisində avtomobilin saxlanılması qaydalarına ciddi riayət edilməlidir. Avtobus dayanacağında, səkilərdə və digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır, inzibati məsuliyyət yaradır. Piyada səkilərində maşınlar park edilir ki, bu da piyadaların hərəkətinə maneə yaradır. Bir daha xatırladırıq ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində dayanma-durma, 53-cü maddəsində isə parklanma qaydaları və tələblər əksini tapıb. Xahiş edirik ki, hər bir sürücü funksional vəzifələrini düzgün icra etsin və digər hərəkət iştirakçılarını da nəzər alsın”.

BAKU.WS