13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Salyan Rayon İcra Hakimiyyəti icra başçısı Tahir Kərimovun məktəblilərin tutduğu qızılgüllərin altından keçərkən çəkilmiş fotoları ilə bağlı açıqlama yayılıb.

İH-dən "Qafqazinfo”ya daxil olan açıqlamanı təqdim edirik: "Bu gün elektron informasiya vasitələrində Salyan rayon İcra hakimiyyətinin başçısı cənab Tahir Kərimovun 2014-cü ildə keçirilmiş Gül bayramında çəkilmiş fotosu yerləşdirilməklə müxtəlif yönümlü şərhlər verilmişdir.

Bildiririk ki, həmin foto 9 may 2014-cü ildə Salyan şəhərində Gül bayramı ilə bağlı keçirilmiş tədbir zamanı çəkilib. 10 may Gül bayramı ilə əlaqədar Salyan rayonunun məktəbləri, təhsil müəssisələrinin hazırladıqları tədbir zamanı oraya gələn bütün şəxslər, o cümlədən RİH başçısı yanında Şura üzvləri, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri bu gül çələnginin altından keçib sərginin keçirildiyi məkana daxil olmuşlar. Fotodan da görünür ki, Tahir müəllimin yanında hüquq mühafizə orqanlarının rəhbərləri də var. Arxada isə ictimaiyyətin nümayəndələri əks olunmuşdur.

Fotonun Günel Mövlud tərəfindən paylaşdığı bizə məlumdur və xalqımızın matəm içində olduğu bu günlərdə bu cür yüngül üsullarla, Azərbaycan qadınına yaraşmayan hərəkətlərlə gündəmə gəlmək istəyi tərəfimizdən təəssüf hissi ilə qarşılanır.

Tərəfimizdən təhqirlərə yol vermiş şərhçilər və saytlar barəsində hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

"Qafqazinfo" qeyd edir ki, fotolar ölkənin əksər aparıcı saytları tərəfindən yayımlanıb və icra başçısının bu fotosu ciddi tənqid olunub. İcra Hakimiyyətinin "Təkzib” başlığı altında yayımladığı bu açıqlamada isə nəyin təkzib edildiyi aydın deyil. Media və sosial şəbəkə istifadəçiləri icra başçısının İH-nin rəsmi saytına yerləşdirilmiş fotosunu yayımlayıb və bu fakt gülüş hədəfinə çevirilib. Sadəcə, o qeyd olunmalıdır ki, əksər hallarda yerlərdə özlərini "kiçik padşah” hesab edən bir sıra icra başçıları bu kimi qeyri-ciddi addımları ilə nəinki öz rəhbərlik etdikləri quruma, bölgəyə və bütövlükdə ölkəyə utanc gətirdiklərinin fərqində deyillər.
 
BAKU.WS