VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət Gömrük Komitəsi avqustun 1-də bir sıra kütləvi informasiya vasitələrində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Komitədən verilən məlumata görə, avqustun 1-də “Sınıq Körpü” gömrük postunda sərnişinlərin və nəqliyyat vasitələrinin sıxlığı, ümumiyyətlə, müşahidə olunmayıb.

Yayılan məlumatlar həqiqətə uyğun olmamaqla yanaşı, həm də qərəz xarakterlidir. Belə ki, Dövlət Gömrük Komitəsi adıçəkilən gömrük postundakı vəziyyətlə bağlı mütəmadi olaraq həm komitənin rəsmi internet səhifəsi, həm də müxtəlif media orqanları vasitəsilə məlumatlar yayır və kütləvi informasiya vasitələrinin bu istiqamətdəki sorğuları da operativ şəkildə cavablandırılır. Sözügedən məlumatı yayan media qurumlarından isə komitənin mətbuat xidmətinə hər hansı sorğu daxil olmayıb. Bu da məlumatın qərəzli şəkildə yayımlandığına dair əsaslı şübhələr yaradır.

Məlumata əlavə edilən fotolar gömrük-sərhəd keçid məntəqəsinin qarşısında çəkilib və həmin ərazi gömrük nəzarət zonasına aid deyil.

Gömrük-keçid məntəqəsində qısamüddətli nisbi sıxlıqların müşahidə edilməsi təbii haldır. Belə ki, eyni anda bir neçə sərnişin avtobusunun məntəqə ərazisinə daxil olması, eyni anda yüzlərlə sərnişinin əl yükləri və müşayiət olunan baqajları üzərində gömrük nəzarətinin həyata keçirilməsi zərurətini yaradır ki, bu da gömrük nəzarəti zonasında nisbi sıxlığın yaranmasına səbəb ola bilər. Lakin gömrük əməkdaşlarının dərhal həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində qısa zaman kəsiyində problem həllini tapır. Qeyd edək ki, bu cür qısamüddətli sıxlıqlar dünyanın ən inkişaf etmiş ölkələrinin gömrük-keçid məntəqələrində, hətta beynəlxalq hava limanlarında belə müşahidə olunur.

BAKU.WS